28 mart 2023 02:15
399

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 41,2 faizi tam sığortalıdır

Hazırda ölkə banklarında 10 milyard 100 milyon manata yaxın qorunan əmanət yerləşdirilib. Onun 64,5 faizi manatla, qalan hissəsi isə xarici valyuta ilə yerləşdirilən əmanətlərdir. Qorunan əmanətçilərin 99,9 faizinin əmanəti tam məbləğdə, qorunan əmanətlərin isə 47,8 faizi tam olaraq sığortalanıb. Bu günə qədər bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib. Ümumilikdə 54 min əmanətçi kompensasiya alıb. Bağlanan banklar üzrə qorunan əmanətlərdən 1 faizə qədərinə kompensasiya ödənilməyib. Onların sahibləri xaricdə olan və ya digər üzrlü səbəblərdən kompensasiya müraciət üçün etməyən şəxslərdir. Bu barədə “Report”a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Akşın Cahangirov bildirib.

Qorunan əmanətlərin 47,8 faizinin tam sığortalanması, həmçinin ondan xəbər verir ki,  yerdə qalan hissə 100 min manatdan yuxarı olan əmanətlərdir. Onların isə yalnız 100 min manatadək olan hissəsi sığortalanıb. Ümumilikdə isə fiziki şəxslərin əmanətlərinin yalnız 41,2 faizi tam sığortalıdır.   

“Əmanətlərin sığortalanması haqqında” Qanuna görə, yerləşdirilmiş əmanətin qorunan əmanət hesab edilməsi üçün milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz, xarici valyutada olan əmanət üzrə isə 2,5 faiz müəyyən edilib. Lakin bu şərtə əməl edilməklə yerləşdirilmiş əmanətin ümumi məbləğinin nə qədər olmasından asılı olmayaraq 100 min manata qədər olan hissəsi sığortalı əmanət hesab edilir.

Təxminən 2 il bundan əvvələ - 2021-ci ilin aprel ayının 5-dək sözügedən məbləğ 30 min manata qədər idi. Belə ki, hələ 2016-cı ildə qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə   qəbul olunan “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti 2019-cu il martın 4-də bitməli idi. Lakin bank sektorundakı islahatların, daha doğrusu, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s.) prosesinin yubanması səbəbindən  qanunun qüvvədə olma müddəti əvvəlcə 1 il, 2020-ci il martın 13-də daha 9 ay, dekabrın 18-də isə daha 4 ay uzadılmışdı.

Amma həmin vaxta qədər (2021-ci ilin aprel ayının 5-dək) fərdi sahibkarlar olan fiziki şəxslərin əmanətləri sığortalanmır, onların da əmanətləri hüquqi şəxslərə məxsus əmanətlər kimi digər kateqoriyaya aid edilərək kreditor tələbi kimi qeydə alınır və növbəlilik qaydasında ödənilirdi. 2021-ci ilin aprelindən pullarını notariusun depozit hesabına yerləşdirilmiş şəxslərin də vəsaitlərinə limitsiz təminat verilib. Yəni, əmlakını satmış fiziki şəxsə ödənilməli olan pul vəsaiti alıcı tərəfindən notariusun bankda olan depozit hesabına köçürülübsə və həmin vaxt sözügedən bank müflis olubsa həmin pul vəsaiti heç bir məhdudiyyət tətbiq edilmədən tam həcmdə kompensasiya şəklində ödənilir. 

Qorunan əmanətlər üzrə faiz dərəcələrinə və kompensasiya məbləğinin maksimum həddinə gəlincə, yaxın müddətdə bu istiqamətdə dəyişikliyin olacağı gözlənilmir. A.Cahangirov bildirib ki, həm milli, həm də xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin qüvvədə olan yuxarı həddi hələ ki, aktual olaraq qalır. Hərçənd ki, bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır. Hətta bu il fevral ayının 1-dən əmanətlərin vergiyə cəlb olunması belə illik faiz dərəcələrinə əhəmiyyətli təsir etməyib. Söhbət ondan gedir ki, təkcə milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsi 12 olsa da bankların təklif etdikləri faizlər 2-11 arasında dəyişir. Banka minimum və maksimum faizlərlə də yerləşdirilən əmanət qorunur. 

Ceyhun Piriyev, “İki sahil”