29 mart 2023 01:15
458

Sığorta sektoru: Ödənişlərin artım tempi yığımları üstələyib

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta şirkətləri tərəfindən 221 milyon 68 min manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 81,1 faiz artaraq 70 milyon 514 min manat olub.  Bu dövrdə sığorta bazarında yığılmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 21,8 manat təşkil etmişdi.

Hesabat dövründə həyat sığortası növləri üzrə 69 milyon 634,5 min manat, qeyri-həyat sığortası növləri üzrə isə 101 milyon 792,9 min manat sığorta haqqı toplanılıb. Bununla da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35,6 faiz və ya 18 milyon 274 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 11 faiz və ya 10 milyon 16 min manat artıb.

Sözügedən dövrdə həyat sığorta növləri üzrə ödənişlərin məbləği isə 3,7 dəfə artaraq 37 milyon 517,2 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlər isə 4,2  artaraq 15 milyon 73,8 min manat olub. Nəticədə cari ilin yanvar-fevral aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 53,9 manat sığorta ödənişi edilib. Bu göstərici 2022-ci ilin yanvar-fevral aylarında 19,5 manat olmuşdu. Qeyri-həyat sığorta növlərində isə hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği 14,8 manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə 15,8 manat idi. 

İcbari sığorta növləri üzrə isə 49 milyon 640,6 min manat (41,1 faiz artım) sığorta haqqı toplanıb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımda 64,2 faiz artım qeydə alınıb. Daşınmaz əmlakın icbari sığortası üzrə isə 49 faiz artım olub.

İcbari sığorta növləri üzrə ödənişlərdə 23,8 faiz artım olub. Bu növlər üzrə ödənişlərin 96 faizi  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının payına düşüb. Yanvar-fevral aylarında  bu sığorta növü üzrə 17 milyon 206,3 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 30,2 faiz çoxdur. Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər isə 2,4 dəfə artıb. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin məbləği 104,5 min manat olduğu halda, cari ilin müvafiq dövründə bu rəqəm 249,4 min manat təşkil edib. Bununla belə, sığorta ödənişlərinin yığımlardan daha yüksək templə  artmasına rəğmən  daşınmaz əmlakın icbari sığortası şirkətlər üçün ən sərfəli sığorta növü olmaqda davam edir. Hesabat dövründə şirkətlər bu sığorta növü üzrə yığımın cəmi 1,8 faizi nisbətində ödəniş ediblər. Hərçənd ki, sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə daşınmaz əmlakın icbari sığortası üzrə zərərliliyi 56,5 faiz artırıb. Belə ki, ötən ilin yanvar-fevral aylarında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları vəsaitin 1,15 faizi nisbətində ödəniş həyata keçirmişdilər.  

Ceyhun Piriyev, “İki sahil”