2023-cü ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11 milyard manat təşkil edib. Sənaye məhsulunun 84,1 faizi mədənçıxarma, 13,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 89,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,8 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 mart 2023-cü il vəziyyətinə 499,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 49,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Bu dövrdə paytaxtdakı tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,8 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 3,7 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 92 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Hesabat dövründə Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 4 milyard 811 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 2 milyard 556,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,7 faiz artaraq 2 milyard 254,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 33,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,7 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.
Cari ilin yanvar-fevral aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1 faiz artaraq 148,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 85 faizini təşkil edib.
Bu dövrdə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,9 faiz artaraq 908,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 832,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 91,7 faizini təşkil edib.
Paytaxtda çalışanların məvaciblərinə gəlincə, 2023-cü ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 1086,9 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb