“Dünya Bankı ilə Azərbaycan hökuməti arasında növbəti 5 ili əhatə edəcək yeni əməkdaşlıq strategiyası hazırlanır”.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.
"Hazırda Azərbaycan hökuməti ilə birlikdə yeni 5 illik proqramın hazırlamasının başlanğıc mərhələsindəyik. Əvvəlki proqram başa çatmaq üzrədir, indi hökumətlə növbəti proqrama daxil ediləcək istiqamətləri müzakirə edirik", - o deyib.
S. Mayklın sözlərinə görə, Dünya Bankı hazırda Azərbaycanda həyata keçirilən 3 layihəyə investisiya yatırır.
"Layihələrdən biri regional əlaqələrin təmin edilməsinə, digəri Azərbaycanda məşğulluğun dəstəklənməsinə, üçüncüsü isə məhkəmə xidmətlərinin modernləşdirilməsinə yönəlib", - o deyib.
S.Maykl qeyd edib ki, hər üç layihə üzrə investisiyaların həcmi 215 milyon ABŞ dolları təşkil edir.
"Bu layihələr icra prosesindədir. Onların 2024-cü ildə və daha sonra başa çatdırılması gözlənilir", - Dünya Bankının nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, Dünya Bankı investisiyalarla yanaşı, Azərbaycana texniki yardım göstərir, potensialın artırılması üzrə birgə iş aparır.
"Biz həmçinin təhsilə dəstək, rəqəmsal sektor, energetika, bərpa olunan enerji mənbələri sahəsində də işləyirik", - o vurğulayıb.
Qeyd edək ki, Dünya Bankı Azərbaycanla 30 illik əməkdaşlıq müddəti ərzində 52 layihəni maliyyələşdirilməsi üçün 4 milyard ABŞ dollarından çox zəmanətli kredit və 110-dan artıq texniki yardım və qrant layihələrinə təxminən 30 milyon ABŞ dolları həcmində vəsait ayırıb.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb