Media nümayəndələri insan alveri ilə mübarizə mövzusunda maarifləndirilib
29 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müvafiq bəndlərinin və BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin tövsiyələrinin icrası məqsədilə media nümayəndələri üçün “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlim keçirilib.
Təlimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova cəmiyyətimizdə ümumi olaraq bir sıra problemlərin olduğunu və bununla bağlı bir çox çıxış yolları axtarıldığını qeyd edib. İnsan alverinə səbəb olan bir sıra amillərdən bəhs edən sədr müavini, erkən nikahın, təhsildən yayınma və digər bu kimi məsələlərin kökündə məhz məişət zorakılığı probleminin dayandığını qeyd edib.
2005-ci il iyunun 28-də insan alverinin profilaktikasının, insan alveri qurbanlarının müdafiə edilməsinin və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsaslarını tənzimləyən “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyini bildirən sədr müavini əlavə edib ki, bu qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir.
S.Qəhrəmanova qeyd edib ki, bu gün ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır: “Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”.
Sədr müavini diqqətə çatdırıb ki, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar.
Digər çıxış edənlər Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət və bu istiqamətdə hökumətin koordinasiya işi, insan alveri ilə mübarizədə medianın rolu, məcburi əmək insan alverinin müasir forması kimi, insan alverinə qarşı ictimai psixologiya və digər mövzularda öz fikirlərini bölüşüblər. Bildirilib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır. Xüsusilə əhali arasında geniş maarifləndirmə işləri mütəmadi qaydada həyata keçirilir. Respublikamızda bununla bağlı hüquqi-normativ baza da müəyyənləşdirilib.
İnsan alveri mövzusu ətrafında gedən müzakirələrdə təlim iştirakçıları fəal iştirak ediblər.
Sonda təlimdə iştirak edən media nümayəndələrinə sertifikat təqdim olunub.
Yaqut Ağaşahqızı, “İki sahil”