01 aprel 2023 02:15
431

Qeyri-neft ixracının 17 faizindən çoxu SOCAR-ın payına düşüb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 651,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6 faiz çoxdur.

Bəs, qeyri-neft ixracı hansı məhsulların hesabına artıb?

2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (227,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda ilkin formalı polipropilen (23,6 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

Elektrik enerjisinin bu ildən başlayaraq qeyri-neft ixracında  payı artmaqdadır. Yanvar-fevral aylarında elektrik enerjisi ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 dəfə artıb. Təsadüfi deyil ki,  cari ildə qeyri-neft ixracının dəyərinin 34,9 faizini elektrik enerjisi təşkil edib.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5 faiz, çay ixracı isə 22,7 faiz çoxalıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral aylarında ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8 faiz artıb.

2023-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon, Rusiyaya 137,7 milyon, Gürcüstana 64,7 milyon, Qazaxıstana 19,4 milyon və İsveçrəyə isə 19 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. Həmin ayda yeyinti məhsulları üzrə ixrac 53,4 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiyaya (69,6 milyon ABŞ dolları) ikinci və Gürcüstana (40,3 milyon ABŞ dolları) üçüncü  olub.

Cari ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (154,8 milyon ABŞ dolları) birinci, ilkin formalı polipropilen (14 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,5 milyon ABŞ dolları) üçüncü olub. Elektrik enerjisi qeyri-neft ixracının dəyərinin 42,2 faizini təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” QSC, “Almeyvə” MMC, “Mors Trading” MMC, “Rose Servis” MMC kimi hüquqi və fiziki şəxlər təmsil olunublar. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi,  “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “ASK Tütün” MMC, “Şəki Şərab” MMC, “Azəripək” MMC kimi müəssisələr yer alıb.

Qeyd edək ki, yanvar-fevral aylarında SOCAR-ın adıçəkilən iki müəssisəsinin qeyri-neft məhsulları ixracının dəyəri 111,6 milyon ABŞ dollar təşkil edib. Bu, qeyri-neft ixracının dəyərinin 17,1 faizi deməkdir. Təkcə “SOCAR Polymer”in ixracı 51,4 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 30,8 faiz çoxdur.

Ceyhun Piriyev, “İki sahil”