01 aprel 2023 03:23
498

Enerji sahəsində əməkdaşlığın perspektivləri genişlənir

SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə başlayıb

Hazırda enerji təhlükəsizliyi sadəcə Avropa üçün bütövlükdə təhlükəsizlik anlamına gəlir. Təbii ki, bu aspektdə avropalıların güvəndikləri ilk alternativ mənbə məhz Xəzər dənizində yerləşən neft və qaz yataqlarıdır. Bu isə təbii ki, SOCAR üçün yeni sərmayə imkanları, eləcə də yeni bazar deməkdir. Şübhəsiz ki, bu investisiyaların rentabelli olması SOCAR-ın timsalında Azərbaycana daxil olan vəsaitlərin həcmini artıracaq.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, həmçinin Cənub Qaz Dəhlizinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirib. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal enerji təhlükəsizliyinə də mühüm töhfə verib.

Qazaxıstan 2022-ci ilin yayından tədarükləri diversifikasiya etməyə və Rusiyadan yan keçməklə neft ixracını artırmağa çalışır. Qazaxıstan nefti Azərbaycanın xammalının əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qarışıq şəkildə daxil olur. Marşrutun bir hissəsi dəmir yolu ilə, digər bir hissəsi isə Bakıya çatdırılmaq üçün Aktau limanında yüklənərək Xəzər dənizindən keçən tankerlərlə sonradan boru kəmərinə doldurulur.

Artıq SOCAR Qazaxıstan neftinin BTC boru kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan Saziş çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşüb.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

BTC vasitəsilə Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.

Cavid Əkbərov, “İki sahil”