Martın 31-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası tərəfindən Sumqayıt şəhəri 1 saylı “ASAN xidmət” mərkəzində az təminatlı ailələr üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, aksiya çərçivəsində 104 nəfər müayinə olunub. 95 nəfərdə refraksiya patologiyası aşkar olunub. Presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub. Mərkəz tərəfindən bir neçə sakin eynək ilə təmin olunub.
Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdən ibarət olub.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, dr. Leyla Əliyeva, dr. Gülnar Əliyeva, rezident Samir Manafov tərəfindən həyata keçirilib.
Aksiyada Elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin rəhbəri t.ü.f.d. Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural iştirak ediblər.