Bu günlərdə erməni telegram kanallarından birində Şuşanın fotosu paylaşılıb. Yazdıqlarına görə, foto 1920-ci ilə aiddir. Uzaqda görünən Şuşadakı Qazançı kilsəsidir. Göründüyü kimi, kilsənin tarixi görünüşü pravoslav üslubundadır. 1992-ci ilin mayında Şuşa erməni terrorçu qruplaşmaları tərəfindən işğal edilib yandırılanda da məbəd pravoslav kilsə memarlığına malik olub. Yeri gəlmişkən, kilsənin önündə duranlar Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və sonradan "rəsmi şəxslər"ə çevrilmiş terrorçulardır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial şəbəkə hesabında paylaşıb.
Deputatın paylaşdığı fotolardan da görünür ki, işğal dövründə Qazançı məbədi erməni-qriqoryan kilsəsi tərzində "inşa edilmiş" kilsəyə transformasiya olunub. Azərbaycanın tarixi abidəyə əvvəlki görkəmini qaytarmaq tədbirləri Ermənistan və dostları tərəfindən "erməni irsinin dağıdılması" kimi qələmə verilir. Ancaq tarixi saxtakarlığa dair faktlar nədənsə qulaqardına vurulur.