04 aprel 2023 00:21
806

“ƏDV geri al” layihəsi: Əhaliyə nə qədər vəsait qaytarılıb?

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. “Kapital Bank” və Azərbaycan Beynəlxalq Bankının maliyyə tərəfdaşları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni, NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin “Kapital Bank”ın “BirBank” və ya Azərbaycan Beynəlxalq Bankının “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatının çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə isə 5 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur ki, bu məlumatlara vətəndaşlar tərəfindən diqqət yetirilməlidir. Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği), nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtinaya səbəb ola bilər. Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

“ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ilə yaxın vaxt ötür. İnnovativ layihə kimi xüsusi ictimai dəstək alan bu layihə iqtisadiyyatda şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin genişlənməsi və stimullaşdırıcı mexanizmləri təşviq edən bir təşəbbüsdür. Bu layihəyə başlayarkən, Dövlət Vergi Xidməti ictimai iştirakçılığı cəlb etməklə “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv nəticələr əldə etməyi hədəfləyirdi.

Xidmətin yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurludur, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. Belə ki, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. “ƏDV geri al” layihəsi yeni nəsil NKA-ların tətbiqi ilə paralel şəkildə həyata keçirilir. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manata yaxın olub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. 2023-cü ilin yanvar-fevral aylarına baxsaq, dövriyyə 3,1 milyard manata yaxındır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

İndiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyondan çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 400,7 milyon manat, bu ilin yanvar-fevral ayları ərzində isə 24,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Digər tərəfdən, nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Cari ilin yanvarın 1-dən nağdsız ödəmələrin stimullaşdırılması məqsədilə bu ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb. Bu da istehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yaradır. Təkcə 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 68,4 milyon manatdan çox ƏDV geri qaytarılıb.

Cavid Əkbərov, “İki sahil”