İlk neftin əldə olunması üçün 2024-cü ilin əvvəlində birinci quyunun qazılmasına başlanacaq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 4-də “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.
“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb. Tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjına yüklənəcək, dənizə göndəriləcək və “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı sahəsindəki dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra “Azəri-Mərkəzi-Şərqi” platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq. Xatırladaq ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb.
Dəyəri 6 milyard dollar olan “Azəri-Mərkəzi-Şərqi” layihəsi AÇG yataqlar bloku üzrə müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündəlik 100 min barrelə qədər neft hasilatına nail olmaqdır. Layihə çərçivəsində, ümumilikdə, 300 milyon barrelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, AÇG-nin işlənməsi bir neçə mərhələdə həyata keçirilib. “Çıraq” yatağından hasilat “İlkin neft” layihəsi çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri layihəsi mərhələ 1” – “Mərkəzi Azəri” gəlir. Orada hasilat 2005-ci ilin əvvəlində start götürüb. Sonrakı 2-ci faza “Qərbi-Azəri” və “Şərqi-Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən “Çıraq neft layihəsi” davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub.
Ötən il AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barrel və ya ümumilikdə təxminən 152 milyon barrel, yəni 20 milyon ton olub.
“Azəri-Mərkəzi-Şərqi” AÇG yatağının işlənməsi ilə əlaqədar sonuncu layihədir. Beləliklə, buradan neft hasilatına başlanılması AÇG üzrə hasilatın artmasına imkan verəcək. “Azəri-Mərkəzi-Şərqi” üzrə gündəlik 100 min barrelə yaxın hasilatın həyata keçiriləcəyini nəzərə alanda, bu, AÇG üzrə ən çox hasilatın həyata keçirildiyi üç platformadan biri olacaq.
“Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ildə verilməklə 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Layihə üzrə tikinti işlərinə 2019-cu ilin iyul ayında başlanılıb. Layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.
Ceyhun Piriyev, “İki sahil”
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir