Aprelin 6-da “Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 96 nömrəli tam orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olub.
Görüşdə R.Məcid məktəb illəri ilə bağlı xatirələrindən, müəllimləri, şagird dostları ilə unudulmaz anlarından, öz dövrünün məktəb mühiti ilə bugünün müqayisəsindən, həyat yolunun maraqlı məqamlarından söz açıb.
R.Məcid insana dəyər qatan mənəvi keyfiyyətlərdən, xarakterin formalaşmasına təsir edən amillərdən, böyüdüyü Ağdamla bağlı xatirələrindən, işğaldan sonra yeni həyat qazanan doğma yurd yerlərimizdən, Böyük Qayıdışdan danışıb.
Qonaq daha sonra mütaliənin üstünlükləri, oxu vərdişlərini formalaşdırmağın yolları, həyatda və peşədə uğur qazanmağa təsir edən faktorlardan söz açıb, ixtisas seçimi astanasında olan gənclərə tövsiyələr verib, şagirdləri düşündürən suallara aydınlıq gətirib.
Görüşü, həmçinin “İki Sahil” TV internet televiziyası da işıqlandırıb.
Qeyd edək ki, bu layihə çərçivəsində ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə paytaxt məktəblilərinin görüşü təşkil olunur. Görüşdə qonaqlar məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında düşüncələrini və təcrübələrini bölüşür, məktəbliləri düşündürən sualları cavablandırır.
"Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya olunmağın yollarını təbliğ etməkdən ibarətdir.
Yaqut Ağaşahqızı, “İki sahil”