Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifənin açılmasıdır. Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik əlaqələr 29 may 1992-ci ildə yaradılıb. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə bu ölkənin Azərbaycanda səfirliyi açılıb. 2007-ci ildə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında tarixli dostluq və əməkdaşlıq haqqında Müqavilə imzalanıb. Ümumilikdə isə indiyədək iki ölkə arasında 57 sənədə imza atılıb.
Lakin ötən dövrdə iki ölkə arasında münasibətlərə sırf iqtisadi prizmadan yanaşsaq, vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Təkcə ötən il iki ölkə arasında xarici ticarət dövriyyəsinin məbləği 6 milyon ABŞ dollarından az olub (5 milyon 949,75 min dollar). Əvvəlki illərdə də iki ölkə arasında xarici ticarət dövriyyəsi bu göstəricidən böyük olmayıb (2018-ci ildə 6 milyon 553 min dollar). Xarici ticarətin əsas hissəsini ölkəmizin ixracı təşkil edir. Ötən il Azərbaycanın bu ölkəyə ixracının dəyəri 5 milyon 811,75 min dollar, idxalı isə 138 min dollar olub. Azərbaycandan Tacikistana əsasən ağ şəkər (saxaroza), reaktiv mühərriklər və digərləri üçün kerosin yanacağı, şokolad və ondan hazırlanan məmulatlar, şəkər və ya aromatik maddələr əlavə edilmiş sular, sürtgü yağları, pambıq yağı və onun fraksiyaları ixrac edilib. Tacikistandan isə aşqarlanmamış alüminiumdan olan məftillər idxal olunub.
İki ölkənin əmtəə dövriyyəsinin həcminin az olduğunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatla çıxışında da qeyd edib: “Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik”.
Azərbaycanla Tacikistan arasında investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri müzakirə mövzusudur. Tacikistanın Prezidenti bildirib ki, iki ölkə arasında sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar var. Bundan başqa, Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakı perspektivi də mövcuddur.
Səfər çərçivəsində Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasının davam etdirilməsi də razılaşdırılıb. Prezident Emoməli Rəhmon bildirib ki, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmləri artırılacaq. Azərbaycan tərəfi Tacikistanla bir neçə istiqamətdə iqtisadi əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatla çıxışında nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verildiyini vurğulayıb.
Xüsusilə də investisiyalardan bəhs etdikdə burada bir sıra amillərin mövcud olduğunu görmək olar. Bu amillər mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev tərəfindən də səsləndirilib: “Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”.
Şübhəsiz ki, qeyd edilənlər özünü səfərin nəticələrinə əsasən atılacaq konkret addımlar göstərəcək. Bundan əlavə, iki ölkə hökumətlərarası komissiyanın növbəti iclasını cari ildə Tacikistanda keçirmək barədə razılığa gəlinib.
Eyni zamanda, səfər çərçivəsində iki ölkə arasında 14 sənəd imzalanıb ki, bunun da əksər hissəsi iqtisadi sahəyə aiddir. Buraya yerquruluşu, torpaq münasibətləri, mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili, bank, turizm, ixrac, kiçik və orta biznes kimi sahələr daxildir.
Görünən odur ki, Prezident İlham Əliyevin bu dost Tacikistana səfəri iki ölkə arasında əlaqələrin xüsusilə də iqtisadi sahədə genişlənməsinə böyük təkan verəcək.
Ceyhun Piriyev, “İki sahil”
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir