6 aprel 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı tərəfindən “Heydər Əliyev ili” ilə əlaqədar “Mərkəzi Aran Regional Məşğulluq filialı” ərazi partiya təşkilatında “Müasir Azərbaycanın memarı və qurucusu - Dahi Heydər Əliyev” mövzusunda tədbir keçirildi. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə “Mərkəzi Aran Regional Məşğulluq filialı” ərazi partiya təşkilatının sədri Samir Nuriyev açaraq bildirib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Sonra Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın bütün sahələr üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan Samir Nuriyev deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə maliyyə çətinliklərinə baxmayaraq sosial müdafiə sistemində də mühüm islahatlar aparılmışdır.
Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. Dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir.
Tədbirdə çıxış edən Zahir Qədirli, Elşad Abdullayev qeyd ediblər ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaqdır. Çıxışçılar bildiriblər ki, vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi istiqamətindəki tarixi rolu əvəzsizdir.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir.
Bünövrəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycanın dövlətçilik və müharibə tarixinə qızıl hərflərlə yazıldı.