08 aprel 2023 02:37
666

Texnologiyalar parkına rezidentlik nə qazandırır?

Son vaxtlar ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin fəaliyyətini təşviq etmək, bu sahədə əlverişli mühit yaratmaq məqsədilə qanunvericilikdə, vergi siyasətində əhəmiyyətli imtiyazlar, güzəştlərə yol açan dəyişikliklər edilib. Texnopark formatında təşkilatlanan, rezident statusu alan şirkətlər bu güzəştlərdən əhəmiyyətli dərəcədə yararlanmalıdır.

Bəs texnopark rezidenti hansı imtiyazlar qazanır?

Rezidentlər gəlir və mənfəət, dividend, əmlak, torpaq vergisi kimi bir sıra vergilərdən azad olunurlar. Gəlir vergisində bu güzəştlər 8 min manatadək olduqda sıfır faiz, 8 min manatdan çox olan məbləğin 5 faizi həcmində təqdim edilir. 2026-cı ildən 7 il müddətinə isə gəlirin 5 faizi həcmində ödəniləcəyi nəzərdə tutulub.

Daha bir vacib məqam isə əcnəbi mütəxəssislərə iş icazəsinin alınması ilə bağlıdır. Burada sözügedən icazə tələb olunmur. Rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq bu ildən başlayaraq 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.

Texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdən məcburi dövlət sosial sığortası tutulmur.

“Texnoparkdan kənar fəaliyyət” dedikdə hansı addımlar nəzərdə tutulur?

Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət bu istiqamətləri əhatə edir. Bununla yanaşı, qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin istehsalı, həmin məhsulların iş proseslərinə inteqrasiyası və tətbiqi, texnoloji qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin iş proseslərinə inteqrasiyası və tətbiqi proqram təminatının hazırlanması və inkişafı üzrə proqram təminatının hazırlanması, yaradılması, o cümlədən proqram kodlarının yazılması, proqram təminatının iş proseslərinə tətbiqi sözügedən fəaliyyətdə vurğulanan məqamlardır.

Qeyd olunan sahədə ən azı 1 dəfə fəaliyyət göstərmiş və 1 məhsulun satışını həyata keçirmiş şəxslərin müraciəti daha məqsədəuyğundur. Bu sahələrdə bir neçə əməkdaşın olması vacibdir və İKT sahəsinə aid təhsili haqqında məlumat və ya əlavə sertifikat, o cümlədən 1 ildən artıq təcrübə mühümdür. Yalnız kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olanlar müraciət edə bilərlər.

Bəs müraciət prosesi necə həyata keçirilir?

İlkin mərhələdə idda.az saytına daxil olub müraciət etmək olar. Sənəd toplusu ilə tanış olduqdan sonra ərizəni yükləyib tələb olunan xanaları doldurmalısınız. Sənədlərin hamısını topladıqdan sonra ərizəni imzalayıb texnopark@idda.az ünvanına göndərmək lazımdır.

Müraciət etmək istəyən şəxs tələb olunan sənədlər və arayışla bağlı bütün məlumatları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən əldə edə bilər.

Cavid Əkbərov, “İki sahil”