10 aprel 2023 19:22
742

YAP Kürdəmir rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində mədəniyyət işçiləri ilə  görüş keçirib FOTO

10 aprel 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatı tərəfindən  “Heydər Əliyev ili” ilə əlaqədar  O.Mirzəyev adına  ərazi partiya təşkilatında “Milli mədəniyyətimiz  Heydər Əliyev ideyalarından güc alır” mövzusunda tədbir keçirildi.            

“İki sahil” xəbər verir ki,  əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər.

Ümummilli Lider  Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Dahi şəxsiyyət”  adlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası  Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. O, bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Vurğulanıb ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Müstəqilliyimizin ilk illərində, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası  30 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası  Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 il işğal altında olmuş torpaqlarımız azad edildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qarşıda duran vəzifələrdən ətraflı bəhs ediblər. Natiqlər Ulu Öndərin Azərbaycan mədəniyyətinə və incəsənətinə qayğısından söhbət açaraq mədəni dəyərlərimizin qorunmasında, inkişaf etdirilməsində misilsiz tarixi xidmətlərindən, Prezident İlham Əliyevin həyata keçirdiyi mədəniyyət siyasətindən  ətraflı söhbət açıblar. Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi dünya miqyaslı tədbirlər milli mədəniyyətimizin dünyada tanınmasında əvəzsiz rolu olduğu vurğulanıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir qrup mədəniyyət işçisinə üzvlük vəsiqələri təqdim edilib.