Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2023-cü ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 162 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu dövrdə hərraca çıxarılmış dövlət əmlakı üzrə 112 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Nəticədə cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib.
Dövlət Xidməti tərəfindən, həmçinin 2023-cü ilin ilk rübündə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 631 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 150-si qeyri-yaşayış, 481-i isə torpaq sahələri üzrə olub.
Bununla da daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 7,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, bu ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə, 26,5 milyon manat vəsait daxil olub.
Qeyd etmək lazımdır ki, özəlləşdirmənin ümumi daxili məhsul istehsalının, büdcə gəlirlərinin artımı, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlərin göstərilməsi, ərzaq və enerji təhlükəsizliyi kimi töhfələri ilə yanaşı, əhali və sahibkarlar üçün də bir çox üstünlükləri var. Bu üstünlüklərə əsasən, dövlət əmlakını mövcud bazar dəyərindən 20-30 faiz aşağı qiymətə əldə etmək imkanı, xüsusilə də investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə zamanı investisiya qoyuluşu müqabilində əmlakın daha aşağı qiymətə əldə edilməsi aiddir.
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilkin addımlar müstəqilliyin bərpasının ilk illərindən başlayıb. Özəlləşdirmə siyasətini həyata keçirən qurum 1992-ci il iyunun 23-də Dövlət Əmlak Komitəsi kimi yaradılıb, sonradan bir neçə dəfə struktur dəyişikliklərinə məruz qalıb, 2019-cu ildən isə İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməklə Əmlak Məsələləri Dövlət Xidməti kimi fəaliyyət göstərir. Həmçinin özəlləşdirmə prosesini tənzimləyən qanun 1993-cü ildə qəbul edilib. Sonradan ona dəyişikliklər edilərək 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”na Qanun statusu verilib. Özəlləşdirmə prosesinin növbəti mərhələsini tənzimləyən qanunvericilik 2000-ci ildə işlənilib və yeni qanunla yanaşı, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” da Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilib. İndiyədək dövlət müəssisələrinin bazasında 1567 açıq səhmdar cəmiyyəti yaradılıb ki, onlardan 1465-nin səhmləri tam özəlləşdirilib. Həmçinin 50 minə yaxın kiçik müəssisə və obyekt, qeyri-yaşayış sahəsi və yarımçıq tikili özəlləşdirilib. Eyni zamanda, 8503 müəssisə və onun altında yerləşən torpaq sahəsi 6287,5 hektar torpaq sahəsi özəlləşdirilib. Ümumilikdə, özəlləşdirmədən dövlət büdcəsinə 1,1 milyard manatdan artıq vəsait daxil olub.
Yeri gəlmişkən, ölkə başçısının 2021-ci ildə imzaladığı Sərəncamla 8, Əmlak Məsələləri Dövlət Xidməti və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əldə edilmiş razılaşmaya əsasən, 21 müəssisə və obyekt özəlləşdirməyə açılıb. Onlardan ikisi artıq özəlləşdirilib.
Ceyhun Piriyev, “İki sahil”
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir