Baharın sərinli-istili xoş günündə üz tutmuşuq rayonun Əlinəçayı boyunca uzanan kəndlərinə. Bu dəfəki ünvanımız bu qol üstə yerləşən ən iri yaşayış məntəqəsi Bənəniyar kəndidir. Bu yurd yerində sakinlərin həyat tərzi, məşğuliyyəti ilə yaxından tanış olub, oxucularımıza geniş məlumat vermək niyyətindəyik.
Rayon mərkəzindən 25 kilometr şimalda, Əlincə çayın sağ sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşən Bənəniyar kəndi bəzi mənbələrdə Bənəniyar, Bənənigar kimi qeydə alınmışdır. Oykonim bənən (bələn) və yar (yarğan, dərə) komponentlərindən ibarət olub, “dağ boynunda yarğan, dağ aşırımında çuxur yer” mənalarını bildirir. Kəndin coğrafi mövqeyi oykonimin ifadə etdiyi mənaya uyğundur. Bu kənd rayonun ərazisi və əhalisinə görə ən böyük kəndlərindəndir. Kəndin coğrafi şəraiti əhalinin əsasən əkinçilik və maldarlıqla məşğul olmağına imkan yaradır. Ətrafa baxdıqda ucu-bucağı olmayan səliqəli əkin sahələrini görməmək mümkün deyil. Kənddə əsasən taxıl və üzüm becərilir.
Kəndin İcra nümayəndəsi Əli Məmmədovla həmsöhbət oluruq. O bildirir ki, Bənəniyarda 2014-cü ildə başlanılan kompleks quruculuq işləri 2015-ci ildə başa çatıb. Elə həmin ildə Bənəniyar kənd tam orta və musiqi məktəblərinin yeni binaları, kənd və xidmət mərkəzləri əhalinin istifadəsinə verilib. Kəndimiz dövlət qayğısı ilə tam əhatə olunub.
Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar yazın ilk həftəsindən bu yurdun sakinləri də könüllü olaraq kənddə 1 hektar ərazidə Ümummilli Liderin 100 illiyinə həsr olunmuş yeni meyvə bağı salmağa başlayıblar. Hazırda 875 qarışıq meyvə ağacı əkilmiş bağda işlər davam etdirilir.
Kəndin sayılıb-seçilən, 43 illik ömür sürən mehriban bir ailənin ağsaqqalı, 20 ilə yaxın müddətdə Xanəgah və Bənəniyar kənd tam orta məktəblərində müəllimlik edən, 2000-ci ildən isə Culfa Rayon Tarix Diyarşünaslıq Mərkəzində direktor işləyən Duvangir Əhmədovun evində qonaq oluruq. Ömrünün yarıdan çoxunu gənc nəslin yetişməsinə həsr edən ziyalı müəllim, həm də əməksevərliyi ilə öz pay torpağında üzümcülük və bağçılıqla məşğuldur. Bizi xoş, mehribanlıqla qarşılayan ailə ilə geniş, maraqlı söhbət edirik. 3 oğul, bir qız atası olan Duvangir müəllim bizə ailə dəyərlərindən söhbət açır.
- Mən Bətulə xanımla uzun ildir ailə həyatı qurmuşuq. Gördüyünüz bu ev-eşiyi biz birgə, bir-birimizə dəstək verərək yaratmışıq. Gərək işin çətin və asanlığına baxmadan bir yerdə olmağı bacarasan. Biz bu illər ərzində oğul-qız böyütmüşük. Evləndirib, nəvə sahibi olmuşuq. İndi dönüb ötən illərə baxanda düşünürük ki, səbr, mehribançılıqla insan istədiyi hər arzuya çatar. Ailədaxili münasibətlərdə gərək qarşılıqlı anlaşılma olsun. Biz Bətulə xanımla belə etmişik. Atalar sözü ilə desək, birimiz od olanda, digərimiz su olmağı bacarmışıq. Beləcə, mehriban uzun illər qət etmişik. İndiki gənclərə də elə məsləhətim budur ki, ailə müqəddəsdir, onu qoruyub saxlamağın yolu səbr və mehribançılıqdan keçər. Bunu bacarsalar gələcəkləri çox gözəl, nümunəvi olar.
Bildirim ki, bu kəndin əhalisi də çox vətənpərvər, yurdsevər olub. 1992-1995-ci illərdə xain qonşumuz ermənilərin Qarabağ və Sədərək istiqamətində etdiyi hücumların qarşısını almaq üçün könüllü cəbhəyə gedənlər sırasında Bənəniyar kəndinin yetirmələri də olub. Onlardan - Şamil Telman oğlu Hüseynov, Hüseyn Abbas oğlu Əliyev, Zakir Sabir oğlu Həsənov Vətən, -deyib, onu qorumaq üçün üz tutublar cəbhəyə. Onlar Sədərək və Tərtər istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik məqamına yüksəliblər.
Kənddə növbəti görüş yerimiz, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları ilə Qarabağ torpaqlarını işğaldan azad edən bu yurdun igid oğulları, onların ailələri olur.
Qəhrəmanlar yurdu olan Bənəniyarın Birinci Qarabağ müharibəsindən olan şəhidləri və Vətən müharibəsi iştirakçıları – Malik Cəbiyev, Yəhya Məmmədov, Elşən İbrahimli, Yelmar Dilavərli və Ülvi Əlizadə kimi igid oğulları ilə bütün Azərbaycan xalqı fəxr edir, qürur duyur.
Üçmərtəbəli tam orta məktəbin qarşısından keçərkən çalan zəng bizi məktəbə istiqamətləndirir. Kəndin müasir ünvanlarından olan məktəbə daxil oluruq. Bizi qarşılayan məktəbin direktoru Eldəniz Hüseynov bildirir ki, 2015-ci ildən müasirliyə qovuşan məktəbdə uşaqlar daha heç bir çətinlik çəkmədən təhsil ala və yüksək nəticə göstərə bilirlər. Məktəbimizdə ötən il 26 məzundan 18-i tələbə adını qazanıb. Bu il isə 20 şagird məzunumuz olacaq ki, onların da hamısının məqsədi ali məktəblərə qəbul olub tələbə adını qazanmaqdır.
Biz də bu il məzun olan şagirdlərə uğurlar diləyərək məktəbdən çıxırıq. Yolumuzu növbəti təhsil müəssisəsi Uşaq Musiqi Məktəbinə salırıq. Məktəbin direktoru Nazim Qulusoy ilə məktəb haqqında maraqlı və geniş söhbət edirik.
- Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi 1982-ci ildən müstəqil məktəb kimi fəaliyyət göstərir. Hal-hazırda 8 ixtisas üzrə 129 şagird təhsil alır. Şagirdlərin əksəriyyəti ətraf kəndlərdən cəlb olunub və bu şagirdlərin təlim-tərbiyəsi, onların musiqi dünyagörüşü və estetik bədii zövqünün formalaşmasında məktəbimizin xüsusi rolu vardır. Çünki bizim müəllimlərimiz hər zaman çalışırlar ki, Azərbaycanın milli musiqisi və muğamlarını, həmçinin klassik musiqini öz şagirdlərimizə təlqin etsin. Və gələcəkdə onların bir musiqiçi kimi yetişməsində böyük rolu olsun.
Məktəbin hər sinfində fərqli mahnı və muğamlarımızı dinlədikdən sonra buranın səmimi və mehriban kollektivi ilə sağollaşıb yolumuza davam edirik.
Yazın sərin havası bizi üşütmür. Kəndi gəzməkdən doymur, yolumuzu təsərrüfat adamlarının həyətyanı sahələrində becərdikləri üzümlüklərə salırıq. Qeyd edək ki, rayonun kəndləri içərisində Bənəniyar kəndi üzümü ilə seçilir. El arasında “Üzümün yaxşısı Bənəniyarda olar”, -deyə bir deyimin də olduğunu eşidirik. Torpağı üzümçülük üçün əlverişli olduğundan kənd sakinlərinin demək olar ki, əksəriyyəti bu sahə ilə məşğuldur. Bu sahəni ata-babadan miras saxlayan Nağı Quliyevlə həmsöhbət oluruq.
- Üzümçülük bizdə nəsildən-nəsilə keçən məşğuliyyətdir. Mən uşaq vaxtlarımdan babamın bu sahəyə marağını, həvəslə bu işlə məşğul olmağını görmüşəm. Elə o vaxtdan məndə bu sahəyə sevgi yarandı. 38 ildir ki, bu sahə ilə məşğulam. “Dama-dama göl olar”, - deyib atalarımız. Uzun müddət məşğul olduğum bu sahənin artıq babam kimi mən də mütəxəssisi olmuşam. Yaz fəsli bizim ən çox iş gördüyümüz fəsildir. Qışda basırdığımız tənəkləri yazda açırıq, budaqlarda kəsim işi görürük. Yağış yağdısa, dərhal dərmanlama işinə başlayırıq. Yay fəslində düzgün qulluq və suvarma olduqda istədiyimiz qədər məhsul əldə edirik. Məhsul yığımı zamanı isə üzümdən müxtəlif məhsullar hazırlayırıq. Kişmişi, əsasən, dənəsiz üzümdən hazırlayırıq. Bu üzümə elə kişmişi üzüm deyilir. Hənəqırna üzümü ilə mövüz hazırlanır. Bundan əlavə, kəndimizin sakinləri üzümdən sirkə, doşab da hazırlayırlar. Hər kəs təsərrüfatında bu işlə məşğul olur. Bir çox ailə bizim kimi bu sahədən gəlir əldə edir.
Təsərrüfatınızdakı məhsulu necə satırsınız?- deyə soruşduqda müsahibim bildirdi ki, məhsulunu Naxçıvan şəhər və rayon bazarına çıxarıb özü satır və gördüyü bu işdən, eləcə də əldə etdiyi qazancdan çox razıdır.
Bu gün muxtar respublikanın bütün rayon və kəndlərində əhali əsasən maldarlıqla məşğul olur, bizi saf və təmiz ət və süd məhsulları ilə təmin edirlər. Heyvandarlığın inkişafı yönündə atılan addımlar isə heyvandarlıq məhsullarının ildən-ilə bollaşmasına şərait yaradır. Xüsusi ilə xarici ölkələrdən cins mal-qaranın alınıb gətirilərək sahibkarlara güzəştli şərtlərlə satılması bu sahənin inkişaf etdirilməsini daha da gücləndirir. Həyata keçirilən bu tədbirlər iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşmasında əhəmiyyətli rol oynayıb ki, bu da ət və süd istehsalının ilbəil artmasına öz təsirini göstərib. Bənəniyarda da dövlət qayğısından bəhrələnən sakinlərdən biri Daşqın Məmmədovdur. O, dövlətin fermerlərə dəstəyindən yararlanaraq cins mal-qara sayını artırıb və öz təsərrüfatını qurub. Söhbət etdiyimiz təsərrüfatçı öz işindən danışdı:
- Əvvəllər ticarətlə məşğul idim. Dəqiq yadımdadır 2012-ci il idi. Dost-tanışdan dövlətin maldarlara dəstəyini eşitdim. Elə o zamandan mən də bu qayğıdan bəhrələnənlərdən oldum. Aldığım dəstəklə 3 cins inəyə sahib oldum. Yaratdığım fermada bu malları saxlamağa başladım. Sonralar süni mayalanma ilə həmin cins inəklərin sayını artırdım. Dövlətimizin bu sahədə bizə çox köməyi var. Suni mayalanma ilə əldə etdiyimiz hər buzov başına 100 manat pul ayrılır ki, bizi bu işi görməyimizə həvəsləndirir. İndi saxladığım inəklərdən yaz fəsli gəldiyi üçün aya 80-100 litr süd əldə edirik. Hər gün sifarişlərimiz olur. İstəyə görə süd məhsullarından hazırlayıb satırıq. Bundan əlavə, əkin ilə də məşğul oluram. Demək olar ki, saxladığım heyvanların yemini özüm təmin edirəm. Taxıl əkirəm. Fermadan kənarda yem saxlama anbarım var ki, orada bütün yem ehtiyatımı saxlayıb, heç bir əziyyət çəkmədən işimi görürəm. Bu iş hər nə qədər zəhmət tələb etsə də, mən yorulmuram, ailəmin ruzisini bu işlə qazanıram. Burada ataların bir sözünü demək yerinə düşər “işləməyən, dişləməz”. Bəli, elədir. Çəkdiyim bütün əziyyətlərin də ailəmlə bəhrəsini görürük. Biz də “işiniz irəli, yorulmayasınız”, -deyərək kəndlə tanışlığa davam edirik.
Gördüklərimizdən aydın olur ki, Bənəniyar kəndi zəhmətkeş insanların yaşadığı yurd yeridir. Çoxlu fəaliyyət sahəsi olan kənddə demək olar ki, uşaqdanböyüyə hər kəs bir işlə məşğuldur. Bu zəhmətkeşlər sırasında qadınlar xüsusi yer tutur. Elə həmin qadınlarla yaxından tanış olmaq üçün yolumuzu kənddəki çörək sexinə salırıq. Müəssisəyə yaxınlaşmazdan əvvəl ətrafı bürüyən ətirli lavaş qoxusu insanı bihuş edir. Sahibkar Yalçın Əliyev bildirdi ki, kənddə sex 2010-cu ildən fəaliyyət göstərir. “Müəssisəmiz əsasən, kənd təsərrüfatı ilə məşğul olan sakinlərimizin əkdiyi taxıldan əldə etdiyi unla təmin olunur. Yerli məhsulla bişirdiyimiz lavaşın ətri də ətrafa elə yayılır ki, buradan keçən çörək almadan keçmir. İstehsal etdiyimiz məhsulla kəndimizlə bərabər, bütün ətraf kəndlərin çörək ehtiyacını tamamilə ödəyirik. Hətta çörəyimizi bəyənənlər rayon mərkəzindən, eləcə də Naxçıvan şəhərindən zəng edib sifariş verirlər.”
Gördüklərimiz bizi bu qənaətə gətirdi ki, Bənəniyar kəndində sakinlər təkcə kənd təsərrüfatı ilə məşğul olmurlar. Burada bir sıra sahibkarlıq müəssisələri var ki, onlardan ikisi mebel sexidir. Yolumuzu bu sexlərin birinə salırıq. Həmsöhbət olduğumuz müəssisənin sahibi Araz İbrahimov öz sevdiyi işlə məşğul olaraq gəlirini bu yolla əldə etdiyini bildirdi. O, müəssisəsində müasir avadanlıqlarla yüksək keyfiyyətli, zövqlü mebellər, ev əşyaları hazırlayır. Əl səliqəsi və bacarığı ilə kənddə tanınan Araz qeyd etdi ki, ona təkcə Bənəniyardan deyil, ətraf kəndlərdən də sifarişlər verilir. Hətta çox zaman rayon mərkəzi və Naxçıvan şəhərindən də sifarişlər qəbul edir:
- 2009-cu ildən mən bu işlə məşğulam. Avadanlıqları Türkiyə Respublikasından alıb gətirmişəm. Çox sevdiyim peşədir. Bu işin əsası odur ki, verilən sifarişi vaxtında və keyfiyyətli hazırlayıb müştəriyə çatdırasan. Sifarişçinin üzü güləndə biz də çox şad oluruq. Beləcə işimizə daha bağlanırıq. Uzun müddətdir məşğul olduğum sahə ilə öz ailəmin ruzisini qazanıram. Heç bir çətinliyim olmadığı üçün işimdən çox razıyam. İşiniz çox, qazancınız bol olsun, -deyib müəssisədən ayrılırıq.
Üz tuturuq kənddə uzun müddət fəaliyyət göstərərək qədim el sənətini yaşadan pinəçi Elşən Əlizadənin ayaqqabı təmiri dükanına. Salam verib içəri daxil oluruq. Bizi müştəri sanan Elşən usta öncə ayaqqabı gətirib-gətirmədiyimizi soruşur. Sonra gəliş səbəbimizi öyrənən Elşən usta gülümsəyərək bizimlə maraqlı söhbətə başlayır.
- Bu sənətlə 20 ildir ki, məşğul oluram. Yaz fəsli olduğu üçün işim daha çoxdur. Camaat təmir üçün ayaqqabılarını gətiriblər. Zamanın necə gəlib keçdiyini bilmirəm. Əsasən işim ayaqqabıları tikmək, altlıq vurmaq, qopan dabanları yeniləmək, yapışdırmaqdır. İşimi keyfiyyətli görürəm. Əlimdən gəldiyi qədər insanları razı yola salmağa çalışıram. İşiniz irəli,- deyib Elşən usta ilə sağollaşırıq.
Qonağı olduğumuz bu kəndin vətənpərvər, işgüzar sakinləri ilə sağollaşıb yola düşürük. Qəlbimizi və ruhumuzu cuşa gətirən Bənəniyar kəndində keçirdiyimiz xoş günün xatirələrini yazmaq üçün redaksiyamıza tələsirəm.
Oxucularımızla növbəti yurd yerində görüşmək arzusu ilə...
Səriyyə Salahova,
“Arazın səsi” qəzetinin məsul katibi