2 aprel – Ümumdünya Autizm Günü ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Hər il Azərbaycanda da cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər reallaşdırılır.
“İki sahil” xəbər verir ki, bu çərçivədə Bakı Slavyan Universitetində (BSU) Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində silsilə tədbirlər keçirilir. Tədbirlər planına əsasən 3-7 aprel 2023-ci il tarixində universitetin bütün ixtisaslarında tədris olunan ilk dərslərdə “Autizm – Fərqli, lakin Bərabər” şüarı ilə tələbələr üçün məlumatlandırma dəqiqələri keçirilib. Aprelin 11-də Universitetin İbtidai təhsil kafedrası “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzi ilə birgə seminar təşkil edib. Seminar zamanı autizmin əlamətləri, dünya üzrə autizmli şəxslərin statistikası, autizm diqanostikası kimi məsələlərə toxunulub.
12 aprel tarixindən başlayaraq müxtəlif günlərdə 25 nəfərə yaxın sağlamlıq imkanı məhdud uşaqlar BSU-ya qonaq gələrək onlar üçün yaradılan inklüziv otaqlarda tələbə və müəllim heyətinin rəhbərliyi ilə müxtəlif fəaliyyətlərə cəlb olunublar. Növbəti gün “Autizm nədir?” mövzusunda keçirilən seminarda Adelfi Universitetinin xüsusi təhsil üzrə amerikalı autistik professoru, Amerika Autizm Cəmiyyətinin idarə heyətinin üzvü Stiven Mark Şor və “House of Dreams” cəmiyyətə inteqrasiya mərkəzinin direktoru Vilyam Bil Pitersin məruzələri dinlənilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu cür tədbirlərin keçirilməsinə məqsəd autizmdən əziyyət çəkən insanlara dəstək olmaq, onların cəmiyyətimizdən təcrid olunmasının qarşısını almaq, onlara qayğı və diqqətlə yanaşılmasına şərait yaratmaqdan ibarətdir.
Aprelin 18-də sağlamlıq imkanları məhdud uşaqların yaradıcı potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması, inteqrasiya imkanlarının artırılması, həmçinin universitetin tələbələrində inklüziv düşüncə tərzinin formalaşdırılması məqsədilə “Autizm – Fərqli, lakin Bərabər” mövzusunda sərgi keçirilib. Sərgidə sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin, rəsm əsərlərinin satış-sərgisi təşkil olunub, eyni zamanda, Təhsil fakültəsinin tələbələri sağlamlıq imkanları məhdud uşaqlara dəstək olmaq üçün xeyriyyə aksiyası təşkil ediblər.