Türkiyədə seçki məntəqələrində izdiham müşahidə olunur.
“İki sahil” xəbər verir ki, İstanbul şəhərində seçicilərin prezident və parlament seçkilərinə xüsusi marağı var.
Türkiyə saatı ilə 08:00-dan etibarən seçicilər seçki məntəqələrinə axın etməyə başlayıb. Əməkdaşımız İstanbul Baxçalıevlərdə seçki məntəqələrinə baş çəkib.
Baxçalıevlər Refik Saydam adına orta məktəbdə fəaliyyət göstərən seçki məntəqəsində hüquqşünas kimi fəaliyyət göstərən Yusuf Yıldırım bu günün Türkiyə üçün demokratiya nöqteyi nəzərindən önəmli olduğunu deyib: “Həm ölkəmizi beş il idarə edəcək prezidentimizi, həm də Türkiyə Böyük Millət Məclisinin 600 deputatını seçəcəyik”.
Seçki məntəqəsində hər kəsin vəzifəsi başında olduğunu vurğulayan vəkil bildirib ki, seçicilər saat 8-dən etibarən səsvermə məntəqəsinə gəlirlər: "Gördüyünüz kimi məntəqəyə insan axını davam edir, seçkilərə maraq çoxdur. Hazırkı saatlara qədər vəziyyəti nəzərə alsaq, seçicilərimizin böyük hissəsinin seçkilərdə iştirak edəcəyini deyə bilərik”.
“Məntəqədə təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Adətən seçki günü müəyyən gərginliklər yaşana bilir, ancaq bu dəqiqələrdə məntəqədə seçicilər arasında narazılıq yarada biləcək heç bir hal yaşanmayıb. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülüb. Əminəm ki, türk xalqının demokratiya anlayışı hər hansı problemin böyüyərək başqa məcralara keçməsinə imkan verməyəcək”- , Y.Yıldırım qeyd edib.
Baxçalıevlər Koza adlı ibtidai sinif məktəbindən fəaliyyət göstərən seçki məntəqəsində fəaliyyət göstərən hüquqşünas Ceren Öner nəzərə çatdırıb ki, bundan öncəki seçkilərdə də səlahiyyətli şəxs olub: "Ona görə də keçmiş seçkilərlə indiki seçkilər arasında fərqi müşahidə etmək imkanım oldu. Ötən saatlar ərzində insanların seçkilərə böyük həvəslə gəldiyinin şahidi oldum. Seçicilər məsuliyyətlərinin dərk edərək hər biri seçki məntəqələrinə üz tutublar”.
“Seçicilərin gərgin və həyəcanlı vəziyyəti təbii ki, məntəqələrdəki abu-havaya öz təsirini göstərir. Bu seçkilərdə də ilk dəfə partiya üzvlərindən bu qədər səlahiyyətli nümayəndənin seçki məntəqələrində fəaliyyət göstərdiyinin şahidi oldum. Bir sözlə hər kəs seçki prosesinin tam şəffaf keçməsi üçün əlindən gələni edir”-, C.Öner vurğulayıb.