23 may 2023 02:58
360

Qeyri-neft sektorunda yeni rekord:  4 ayda 1 milyard dollardan çox ixrac

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının dəyəri 17 milyard 882 milyon 674 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac əməliyyatları 12 milyard 584 milyon 813 min ABŞ dolları, idxal əməliyyatları isə 5 milyard 297 milyon 861 min ABŞ dolları olub. Nəticədə 7 milyard 286 milyon 951 min ABŞ dolları məbləğində müsbət saldo yaranıb.

Təkcə aprel ayında ixrac 4 milyard 843 milyon 484 min, idxal 1 milyard 268 milyon 320 min, müsbət saldo isə 3 milyard 575 milyon 163 min ABŞ dolları təşkil edib.

Yanvar- aprel aylarında neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın dəyəri 11 milyard 397 milyon 594 min dollar təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın dəyəri 539 milyon 713 min dollar artıb.  Ötən ilin yanvar-aprel aylarında neft-qaz sektoru üzrə ixrac 10 milyard 857 milyon 881 min dollar təşkil etmişdi. Artım təbii qaz ixracının dəyərinin artması hesabına olub.

Təbii qaz ixracının dəyəri 5 milyard 418 milyon 534 min dollar olub ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1 milyard 240 milyon 304 min çoxdur. 2022-ci ilin ilk 4 ayında təbii qaz ixracının dəyəri 4 milyard 178 milyon 230 min dollar olmuşdu.

Hesabat dövründə xam neft ixracının dəyəri isə 5 milyard 715 milyon 409 min dollar təşkil edib. Ötən ilin yanvar-aprel aylarında bu göstərici  6 milyard 544 milyon 674 min dollar idi.  

Cari ilin ötən dövründə Azərbaycandan neft-qaz sektoru üzrə  263 milyon 648 min dollar dəyərində neft kokusu, bitumu və digər neft məhsulları ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 milyon 672 min dollar çoxdur. Belə ki, ötən ilin eyni dövründə 134 milyon 976 min dollarlıq belə məhsullar ixrac edilmişdi.

Nəticədə yanvar-aprel ayları üzrə ümumi ixracın 90,6 faizi neft-qaz sektorunun payına düşüb.  

2023-cü ilin yanvar-aprel ayları ərzində qeyri neft-qaz sektoru üzrə ixracın dəyəri isə 1 milyard 187 milyon 218 min dollar təşkil edib. Bu, yeni rekord deməkdir. Belə ki, yanvar-may ayları üzrə ilk dəfə ötən il 1 milyard dollardan çox göstərici qeydə alınmışdı. Cari ilin yanvar-aprel aylarında isə bu rekord bir növ yenilənib. Ötən ilin ilk 4 ayı ilə müqayisədə cari ildə qeyri neft-qaz sektoru üzrə 221 milyon 723 min dollar artım olub.

Artım əsasən elektrik enerjisi ixracının artması hesabına olub. 2022-ci ilin ilk 4 ayında elektrik enerjisi ixracının dəyəri 33 milyon 502 min dollar idisə, 2023-cü ilin ilk 4 ayında bu göstərici 9,4 dəfə və ya 280 milyon 181 min artaraq 313 milyon 683 min dollar təşkil edib. Beləliklə, elektrik enerjisinin ixracının artımı ümumi qeyri-neft ixracının artımından çox olub. Qeyri-neft ixracının dəyərinin 26,4 faizi elektrik enerjisinin payına düşüb.

Ceyhun Piriyev, “İki sahil”