07 noyabr 2026 19:57
170

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib.

“İki sahil” səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbaycan Milli Məclisinin deputatları, politoloqlar, ekspertlər iştirak ediblər.

Qazaxıstanın səfiri Alim Bayel öz çıxışında Prezident Kasım-Jomart Tokayevin 2026-cı ilin oktyabrında keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında iştirak etmək üçün Bakıya səfərinin nəticələrindən bəhs edib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan tərəflərinin birgə səyləri hesabına Azərbaycanın bu təşkilatda sədrliyinin uzadılması və ölkənin nümayəndəsinin onun baş katibi təyin edilməsi barədə qərar qəbul edilib.

Səfir həmçinin iri birgə layihələrin əhəmiyyətini qeyd edib və sözügedən səfər çərçivəsində ilk uğurla həyata keçirilmiş transxəzər infrastruktur layihəsi olan Fiber-Optik Kabel Xəttinin açılışı barədə danışıb. A.Bayelin fikrincə, bunu digər mühüm infrastruktur təşəbbüsləri izləyəcək. Eyni zamanda, Bakıda Azərbaycan və Qazaxıstan dövlət başçıları tərəfindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Hökumətlərarası Saziş imzalanıb ki, bu da həmin dəhlizin statusunu yüksəldir. Digər dövlətlərin də sazişə qoşulacağı gözlənilir.

Milli Məclisin deputatı Azər Allahverənov iki ölkənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı fəallaşdırmağı təklif edib və bu prosesə parlamentlərarası qarşılıqlı əlaqələr çərçivəsində təşəbbüs göstərmək niyyətində olduğunu bildirib.

Tədbir zamanı Türk Dövlətləri Təşkilatının (TDT) əhəmiyyətinin artması qeyd olunub və iştirakçılar TDT-nin gələcəyi barədə öz fikirlərini bölüşüblər.