AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirib.
Aksiya Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində baş tutub. Tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Aksiya çərçivəsində “AzInTelecom” əməkdaşları Sarıcalı kəndində ümumilikdə 300 ağac əkib və ilkin suvarma işləri aparıblar.
Qeyd edək ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəliyinin və “Qayıdış könüllüləri” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
Aksiyanın keçirilməsində məqsəd Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühitin bərpasına dəstək göstərmək və yaşıllıq sahələrini genişləndirmək olub. “AzInTelecom” MMC bundan sonra da Korporativ Sosial Məsuliyyət üzrə təşəbbüslərini davam etdirərək ətraf mühitin qorunmasına və dayanıqlı inkişafın dəstəklənməsinə töhfə verəcək.