2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətləri 467 milyon 530,3 min manat sığorta haqqı toplanıb, 134 milyon 601,7 min manat sığorta ödənişləri həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə hesablanmış sığorta haqları 108 milyon 759,3 min manat və ya 30,3 faiz, sığorta ödənişləri isə 41 milyon 183,7 min manat və ya 44,1 faiz artıb. Ötən ilin ilk 4 ayı ərzində sığorta şirkətləri tərəfindən 358 milyon 771 min manat sığorta haqları yığılmış, 93 milyon 418 min manat sığorta ödənişləri həyata keçirilmişdi.
Sığorta haqlarının 73,1 faizini könüllü sığorta növləri üzrə yığımlar təşkil edib. Cari ilin yanvar-aprel aylarında könüllü sığorta növləri üzrə yığımlar 341 milyon 853,9 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 27,7 faiz çoxdur. Könüllü sığorta növləri üzrə yığımların 60,1 faizini və ya 205 milyon 490 min manatı həyatın yaşam sığortasının payına düşüb. Ümumi sığorta yığımlarının isə 44 faizini bu sığorta növü təşkil edib.
İcbari sığorta növləri üzrə yığımlar isə 125 milyon 676,4 min manat olmaqla ümumi sığorta haqlarının 26,9 faizinə bərabər olub. Ötən ilin yanvar-aprel aylarına nisbətən cari ilin eyni dövründə icbari sığorta növləri üzrə yığımlar 38,1 faiz artıb. İcbari sığorta yığımlarında ən böyük hissə 38,3 faizlə və ya 48 milyon 167,8 min manatla avtomobillərin icbari sığortasına aid olub. Bu sığorta növündə yığım ötən illə müqayisədə 60,7 faiz artıb. İkinci yerdə isə 37 faizlə daşınmaz əmlakın icbari sığortası gəlir. Bu sığorta növü üzrə cari ilin yanvar-aprel aylarında 46 milyon 450,3 min manat sığorta haqqı toplanıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53,9 faiz çoxdur.
Yığımlarda olduğu kimi, ödənişlərdə də əsas pay həyatın yaşam sığortasına aiddir. Belə ki, bu ilin ilk 4 ayında şirkətlərin sığorta ödənişlərinin 52,8 faizini bu sığorta növü təşkil edib. Ödənişlərin 32 milyon 99,7 min manatı və ya 23,8 faizi isə icbari sığorta növlərinə aid olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
İcbari sığorta növləri üzrə ödənişlərin 95,4 faizi və ya avtomobillərin icbari sığortasına yönəldilib. Son bir ildə bu sığorta növü üzrə yığımın 60 faizdən çox artmasına baxmayaraq ödənişlər 8 faiz çoxalıb. Hesabat dövründə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər isə 332,6 min manatdan 605 min manata yüksəlib. İcbari sığorta növləri üzrə ödənişlərin cəmi 1,9 faizi bu sığorta növünə aid olub.
Ceyhun Piriyev, “İki sahil”