26 may 2023 01:14
382

Bakı şəhərində orta aylıq əməkhaqqı 1152 manat olub

2023-cü ilin yanvar-aprel aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  20,8 milyard manat təşkil edib. Sənaye məhsulunun 82,2 faizi mədənçıxarma, 15,3  faizi emal, 1,9  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun  payı 88 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,6 faiz təşkil  edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  1 may 2023-cü il vəziyyətinə 554 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 58,6 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Cari ilin yanvar-aprel aylarında paytaxtdakı tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,9 faizini əsaslı təmir, 6,9 faizini cari təmir, 4,8 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Hesabat dövründə ticarət dövriyyəsinin həcmi  2022-ci ilin yanvar-aprel aylarlı ilə müqayisədə 4,1 faiz artaraq 9 milyard 489,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 5 milyard 450,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,6 faiz azalaraq 4 milyard 39,2 milyon manata bərabər olub. İstehlak məhsullarının 36 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

2023-cü ilin yanvar-aprel aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 26,2 faiz artaraq 402,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 235,5 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,5 faizini təşkil edib.

Bu ilin ilk dörd ayında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,6 faiz artaraq  2 milyard 299,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 617 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 70,3 faizini təşkil edib.

Məvaciblərə gəlincə, 2023-cü ilin yanvar-mart aylarında paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artaraq 1151,7 manat olub.       

Bakı Şəhər Statistika İdarəsi