Azərbaycan Akkreditasiya Mərkəzi ilə Xorvatiya və İtaliyanın milli akkreditasiya qurumları arasında Anlaşma Memorandumları imzalanıb.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun və Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Xorvatiyanın Dubrovnik şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) Baş Assambleyasının 53-cü iclasında iştirak edib.
İclasda EA-ya həqiqi üzv olan və həqiqi üzvlük üçün müraciət edən dövlətlərin milli akkreditasiya orqanlarında aparılan həmkar qiymətləndirmələrinin nəticələri müzakirə edilib, EA rəhbərliyinin, Məsləhət Şurasının, Çoxtərəfli Saziş Şurasının (MLA), Üfüqi Uyğunlaşdırma, Sertifikatlaşdırma, İnspeksiya, Laboratoriya, Kommunikasiya və nəşrlər Komitələrinin təqdimatları və məruzələri dinlənilib.
Səfər çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Xorvatiya Akkreditasiya Agentliyi (HAA) və İtaliyanın Vahid Akkreditasiya Orqanı (ACCREDIA) arasında Anlaşma Memorandumları imzalanıb. Sənədlərə əsasən, tərəflər uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası üzrə birgə layihələrin həyata keçirilməsi, qurumlararası təcrübə mübadiləsi, seminarların təşkili, kadrların hazırlanması, uyğunluğu qiymətləndirən orqanların qiymətləndirmədə iştirakının təmin olunması və digər sahələrdə əməkdaşlıq edəcəklər.