Biləsuvarda “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib.
Bu gün Mərkəzi parkda Biləsuvar rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan regional təhsil idarəsinin rəisi Sənan Mənsimli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ümumtəhsil müəssisələrinin pedaqoji kollektivi, Vətən müharibəsi şəhidlərinin övladları, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının məktəbliləri iştirak edib.
İştirakçılar əvvəlcə Ulu Öndərin adını daşıyan parkdakı abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər.Sonra Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Bildirib ki, uşaqlar hamı üçün əzizdir, onlar bizim gələcəyimizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev uşaqlara qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün də həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
Şirvan-Salyan regional təhsil idarəsinin müdiri Sənan Mənsimli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək bir daha uşaqları təbrik etdilər və onlara uğurlar arzuladılar.
Qeyd olundu ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.Uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindən biridir.
Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş olundu, hazırladıqları rəqs nömrələri və nəğmələr səsləndirildi.