“Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Mayın 31-də Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri açan “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışaraq bu münasibətlə gül balaları təbrik edib: “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmiş dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara məhəbbəti bu sahəyə diqqətin daha da artmasına səbəb olub. Uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə də xüsusi diqqət yetirilir. Ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur. ”
Birliyin sədri daim diqqət və qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunmasının, onların layiqli vətəndaş kimi formalaşdırılmasının başlıca sosial vəzifə olduğunu söyləyərək bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edib.
Tanınmış ictimai xadim Elmira Süleymanova daun sindromlu uşaqların timsalında ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edib, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayıb, daim sevgi və nəvazişin əhatəsində olmağı diləyib. E.Süleymanova ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə də xüsusi diqqət yetirildiyini vurğulayıb: “Günəşli Azərbaycanın günəş balaları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatə ediliblər. Bütün uşaqlar kimi, Daun sindromlu və serebral iflicli uşaqlar üçün də gözəl dünya yaradılıb. Yaxşı yaşamaq bütün uşaqların haqqıdır. Dövlətin ən qiymətli sərvətlərindən biri olan uşaqları sağlam, cəmiyyət üçün, ölkənin gələcəyi üçün yararlı yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Ailələrdə tərbiyə alan hər bir uşaq öz milli köklərinə bağlı, böyüklərə hörmət hissi ilə böyüməlidir. Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsün. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik. Ulu Öndər Heydər Əliyev uşaqlar haqqında deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq".
Elmira Süleymanova çıxışında uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericilik və normativ-hüquqi aktların mütəmadi olaraq təkmilləşdirildiyini, həmin istiqamətdə bir çox dövlət proqramları və tədbirlər planlarının qəbul edildiyini deyib.
E.Süleymanova bu cür tədbirlərin təşkilinin Daun sindromlu və serebral iflicli uşaqlar üçün əhəmiyyətindən söz açıb: “Belə tədbirlərin keçirilməsini ertələdikcə uşaqlarımızın cəmiyyətə inteqrasiyasını dayandırmış oluruq. Ümid edirəm ki, bu qəbildən olan görüşlərimiz çox olacaq. Bütün cəmiyyət daun sindromlu şəxslərin istedadlarının fərqində olacaq. Hər kəsi günəş uşaqların zəngin daxili dünyaları ilə daha yaxından maraqlanmağa dəvət edirəm.”
Bayram tədbirində “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”nin, “Qayğı Reabilitasiya Mərkəzi”nin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin uşaqlarının çıxışlarına geniş yer verilib. Həmçinin uşaqlar üçün müxtəlif oyunlar, şən klounların çıxışları təşkil edilib.
Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. İctimai Birliyə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar yaradılmasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.
Yaqut Ağaşahqızı, “İki sahil”