01 iyun 2023 03:18
372

Bankların əmanətçilərə ödənişləri 42 faiz artıb

Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin cari ilin fevralın 1-dən yenidən vergiyə cəlb edilməsinin əhalinin banklardakı vəsaitlərini geri götürmələri ilə nəticələnəcəyi proqnoz edilsə də, proses əks istiqamətdə davam etməkdədir. Söhbət ondan gedir ki, əmanətlərin sığortalanması mexanizminin, milli valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya edəcəyi alətlərin məhdud olması şəraitində bank əmanəti hazırda ən əlverişli passiv yatırım üsulu hesab olunur.  

Buna qədər Vergi Məcəlləsinə görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri vergidən azad idi. Əmanətlərin faizlərinin vergidən azad olunması milli valyutanın 2015-ci ilin fevral və dekabr aylarındakı devalvasiyası fonunda maliyyə sabitliyinə nail olunması məqsədilə atılan addımlardan olub. 

Mərkəzi Bankın məlumatına görə, fevral ayının 1-i tarixinə fiziki şəxslərin əmanətlərinin həcmi 11 milyard 928,5 milyon manat idisə, mayın əvvəlinə bu göstərici 283,1 milyon daha çox - 12 milyard 211,6 milyon manata yüksəlib. Aprel ayında əmanətlər 247,2 milyon manat artıb. Ümumilikdə, 2023-cü ilin ilk 4 ayı ərzində əhalinin əmanətləri 468,6 milyon manat artıb. 

Əhalinin əmanətlərinin 6 milyard 376,2 milyon manatını müddətli, 5 milyard 579,2 milyon manatını tələbli əmanətlər təşkil edib. 2023-cü ilin ilk 4 ayında isə müddətli əmanətlər 172,1 milyon manat, tələbli əmanətlər isə 300,4 milyon manat artıb. Aprel ayında müddətli əmanətlər 64,8 milyon manat, tələbli əmanətlər isə 171,2 milyon manat artıb.

Artan təkcə əmanətlərin məbləği deyil. 2023-cü ilin yanvar-aprel aylarında banklar tərəfindən əmanətçilərə 190,5 milyon manat faiz ödənilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,2 milyon manat və ya  41,8 faiz çoxdur. Ötən ilin eyni dövründə banklar əmanətçilərə 134,3 milyon manat faiz ödəmişdi. Təkcə aprel ayında əmanət sahiblərinə 47,7 milyon manat faiz ödənilib. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb.  Hər nəfərə düşən gəlir orta hesabla 2323,6 manat olmaqla 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 14,3 faiz çoxalıb. Hesabat dövründə əhalinin sərəncamında qalan gəlirlər 15,3 faiz, hər nəfərə düşən gəlir isə 2037,5 olmaqla 14,6 faiz artıb. İnflyasiyaya gəlincə, 2023-cü ilin yanvar-aprel aylarında  orta göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq malları üzrə 11,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,7 faiz təşkil edib.

Ceyhun Piriyev, “İki sahil”