02 iyun 2023 12:34
328

Nəqliyyat-ekspedisiya haqqında qanunun qəbul olunması tezləşdirilməlidir- ASK

Azərbaycanda nəqliyyat-ekspedisiya haqqında qanunun qəbul olunması üzrə işlər tezləşdirilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov bildirib.

Onun sözlərinə görə, logistika sahəsində sığorta məhsullarının təkmilləşdirilməsinə, xüsusən də məsuliyyət sığortası məhsuluna ciddi ehtiyac var.

"Ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat-logistika infrastruktunun qurulmasında çox mühüm tədbirlər həyata keçirilib. Bəzi geosiyasi hadisələrin də nəticəsində Azərbaycandan keçən tranzit yüklərin həcmində ciddi artım olub. Vaqon, konteyner çatışmazlığı kimi çətinliklər olsa da, bu faktdır ki, Azərbaycan tranzit yüklərin daşınması üçün tələb olunan bir areala malikdir və ölkəmizin özəl şirkətləri də bu potensialı dəyərləndirərək, bu sahədə yeni iş yerləri yaratmaq, dövlət büdcəsinə daxilolmalardakı iştiraklarını artırmaq üçün yük zəncirində bəlli bir paya malik olmağı hədəfləyiblər. Bu istiqamətdə mən gömrük sahəsində aparılan islahatların müsbət nəticələrini xüsusi vurğulamaq istərdim. Belə ki, bugün gömrük-keçid proseduraları sadələşdirilib, rəqəmsallaşdırılıb, vaxt itkisinin qarşısı xeyli alınıb. Bununla yanaşı hesab edirik ki, bu sahədə bütün dövlət qurumlarının vahid sistemə inteqrasiyası logistikada mühüm amil olan vaxt məsələsində mühüm irəliləyiş yarada bilər. Yəni, ölkəyə daxil olan yük üzrə tələb olunan bütün sənədləşmə və məhsulların bir sistemdə olması bu sahədə Azərbaycanı lider mövqeyə çıxara bilər", - deyə V.Zeynalov qeyd edib.