03 iyun 2023 01:36
431

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun təminatı üçün logistika və ticarət fəaliyyəti, eləcə də geniş sənaye istehsalı həyata keçiriləcək

Azad edilmiş ərazilərimizdə istehsal müəssisələri yaratmaqla yeni iş yerlərinin açılması prioritet məsələlərdəndir. Tədarük və logistika infrastrukturu ilə bərabər, bölgədə istehsal strukturuna müvafiq aqro-emal müəssisələrinin yaradılması da nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda südçülüyün, üzümçülüyün, meyvəçiliyin inkişafı perspektivləri nəzərə alınmaqla, məhz bu sahələr üzrə emal müəssisələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin taxılçılığın inkişafına uyğun olaraq un dəyirmanları, heyvandarlığın inkişafı əsasında isə sənaye üsulu ilə yem istehsalı və ilkin dəri xammalı emalı müəssisələri qurulacaq.

Prezident İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən, ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, reallaşdırılmasını təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirməkdir.

Artıq azad edilmiş ərazilərimizdə sənaye müəssisələrinin yaradılmasına başlanılıb. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir. Artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır. Burada 16 sahibkara sənaye parkının rezidenti statusu verilmişdir.

Dövlət başçısı İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən, işğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Bu park bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizinin nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcək. Hazırda sözügedən sənaye parkında işlər mərhələli şəkildə həyata keçirilir.

“KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan” MMC “Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi” layihəsi üzrə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcəkdir. Gələcəkdə bu sənaye parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur. Sənaye parkının konseptual planı hazırlanıb və ayrılmış 200 hektar ərazidə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri tamamlanıb. Mobilizasiya şəhərciyi üçün konteyner tipli yataqxana, yeməkxana, anbar, ərzaq mağazası, ofis, bərbərxana, aptek və tibb məntəqəsi tam quraşdırılıb.

2023-cü ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkında 3, Pirallahı Sənaye Parkında 1, Ağdam Sənaye Parkında 3, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 olmaqla cəmi 9 müəssisəyə rezident, Ağdam Sənaye Parkında 1 müəssisəyə isə qeyri-rezident statusu verilib.

Prezident İlham Əliyevin mayın 27-də Laçın şəhərinə səfəri çərçivəsində burada inşa edilən Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olması ölkə rəhbərinin bu sahəyə necə böyük diqqət yetirdiyini bir daha sübut edir. Ümumiyyətlə, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Bu Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.

Cavid Əkbərov, “İki sahil”