Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri bir çox cəhətləri ilə seçilir. 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” sərgisinin əhatə etdiyi mühüm mövzulara neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, boru kəmərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, neft-qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir.
11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisinin gündəmində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər əks olunur. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunur.
Builki tədbirdə 35 ölkədən 320 şirkət iştirak edir və bu da ötənilki göstərici ilə müqayisədə 25-30 faiz artım deməkdir. Budəfəki Bakı Enerji Həftəsi, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə üst-üstə düşür. Bu baxımdan sərgi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş stendin olması builki tədbiri daha bir cəhətdən fərqləndirir. Vurğulamaq lazımdır ki, Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənib.
1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana enerji potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Bu tədbir 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim edirdi. Həmin il “Əsrin müqaviləsi” imzalandı. Bu dövrdən ölkə iqtisadiyyatında köklü dəyişikliklər başladı. Ölkəmizə sərmayə axışı başladı,iqtisadi sabitlik təmin olundu. Bununla da Azərbaycanın hərtərəfli inkişafının əsası qoyuldu.
Ötənilki Bakı Enerji Həftəsindən keçən son bir ildə Azərbaycanın enerji gündəliyi xeyli məhsuldar olub. Ötən ilin iyul ayında Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Sənəd 2027-ci ilə qədər ölkəmizin Avropa bazarına qaz təchizatını iki dəfə artırmasını nəzərdə tutur.
Digər vacib tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. Bunun nəticəsində artıq Azərbaycanın Bolqarıstana da qaz nəql etməsi mümkün olacaq.
Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın bir araya gəldiyi və Avropa Komissiyasının Prezidentinin də iştirak etdiyi tədbirdə yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur. Bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”nin Avropaya nəql edilməsi mümkün olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan son illərdə tükənən enerji növləri ilə yanaşı, bərpaolunan enerji sahəsinə böyük əhəmiyyət verməyə başlayıb. Bu, bir tərəfdən ölkəmizin bərpaolunan enerji potensialından, digər tərəfdən isə reallıqdan irəli gəlir.
Digər mühüm tədbirlərdən biri də bu ilin aprel ayında Sofiya şəhərində keçirilib, “Həmrəylik Halqası” adlandırılan layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Layihə çərçivəsində əlavə interkonnektorlar inşa ediləcək.
Hazırda Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın tədbirə ünvanladıqları məktublar onun qlobal əhəmiyyətini bir daha sübut edir. Ümumilikdə isə ABŞ və Böyük Britaniya hökumətləri 30 ildə Azərbaycanın öz resurslarını inkişaf etdirməsi ilə bağlı təşəbbüslərini dəstəkləyiblər. Bu siyasət əvvəlcə xam neftlə bağlı idisə, hazırda buraya təbii qaz da əlavə olunub. Bunun nəticəsində Azərbaycan nəhəng enerji infrastrukturu yaratmaqla Avrasiyanın enerji xəritəsini dəyişdirməyə müvəffəq olub. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Söhbət ondan gedir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik gündəliyində başlıca yerə sahibdir.
Ceyhun Piriyev, “İki sahil”