05 iyun 2023 11:37
814

Zorla, ağlayaraq öz doğma yurdundan çıxarılan laçınlılar idni gülərək, sevinərək dədə-baba torpaqlarına geri dönürlər... FOTO

Bu məqamda ataların dediyi “Balta dönər, sap dönər, gün gələr hesab dönər” fikirlərini xatırlamaq lap yerinə düşər. 30 illik hüznün, həsrətin başladığı 1991-1995-ci illəri yada salsaq sağalmaz yara, unudulmaz bir iz buraxdı Azərbaycan xalqının yaddaşında... Bu sağalmaz yaramıza məlhəm oldu 27 sentyabrla başlayan 44 günlük Vətən müharibəsi... Necə hüzünlərə, həsrətlərə son qoyuldu qazanılan Zəfərlə...

Qeyd edim ki, Laçın rayonu 1992-ci ilin 18 mayında erməni silahlı qüvvələri təfindən işğal edildi. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikasının baş nazirinin imzaladığı üçtərəfli  bəyənata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 ildən sonra işğaldan azad edildi.

Bu yazımla dəyərli oxucularımı 12 dekabr 2020-ci ildə yazdığım “Tarixi qələbənin böyük sevinci...” məqaləsi ilə tanış edərək, növbəti yazıya giriş vermək istəyirəm. Çünki bilirəm ki, tarixi təkrarlamaq, keçmişi yaşatmaq deməkdir. “Laçına başlanan Böyük Köç” məqaləsilə isə laçınlıların yaşadığı səmimi, sevinc hisslərini, dədə-baba yurdlarına qayıtmağa hansı düşüncələrlə gedəcəkləri haqda oxuculara məlumat verməyi özümə borc bilirəm.

 Tarixi Qələbənin böyük sevinci...

Azərbaycan xalqı, tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşayır. Xalqımızın 30 ilə yaxındır ki, çəkdiyi Qarabağ həsrətinə cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə son qoyuldu. 1 milyondan artıq insana köçkünlük həyatı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan mənfur düşmən haqq savaşında məğlub oldu!

Azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilir. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə-Vətən müharibəsi idi və Qələbə ilə bitməsi də haqqın, ədalətin təzahürü idi.

Biz də bu sevinci doğma torpaqlarından köçməyə məcbur qalan, qəlbləri yurd həsrəti ilə yanan ailələrlə görüşüb paylaşmaq istədik. Rayonumuzda yaşayan bir çox hərbçi ailələri var ki, məhz onlar bir zamanlar işğal altında qalan torpaqlarımızın sakinləridir. Biz də sevinclərinə şərik olmaq üçün onlarla görüşdük. Müsahibimiz əslən Laçın rayonundan olan və Culfa şəhərində yaşayan Məcidli Narzandə Əsəd qızıdır. Narzandə Məcidli 1980-ci ildə Laçın rayonunda anadan olub. Üç bacısı və bir qardaşı var.

Bu günlər hamımızın yaşadığımız sevinc hissləri 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın geri alınmasının ifadəsidir. Buna, bütün Azərbaycan sevinir. Vətən həsrəti ilə yaşayan və bu gün sevinc göz yaşları içində olan Narzandə Məcidli hisslərini belə ifadə etdi:

-Qələbəmiz bizə inamımızı, ümidimizi, gücümüzü qaytardı. Dünyaya sübut etdik ki, o torpaqlar əzəli Azərbaycan torpağıdır. Biz bu 30 illik tarixdə həm itirdik, həm də qazandıq. Nələr gördük, nələr yaşadıq. Ən əsası tarixə, gələcəyə üzü ağ çıxdıq. O əzablı günlər indi də yaddaşımdadır. Mənim onda on iki yaşım var idi. Hamımız normal həyat yaşayırdıq, mən və qardaş-bacılarım məktəbə gedirdik, valideynlərim də işləyirdi. Həmin illərdə Laçına ətraf kəndlərdən çoxlu insan qaçıb gəlmişdi. Bütün laçınlılar gələnlərə sahib çıxırdı. Biz mayın 8-i səhər məktəbə getmişdik. Məktəbdə olanda partlayış səsi eşitdik. Ermənilər hər yeri bombalayırdı. Məktəbdən evə getməyimizi tapşırdılar. Evə qayıdanda yol boyu tələsən insanların üzünə baxırdım, ancaq nə baş verdiyini anlamırdım. Sonra atam evə zəng etdi ki, uşaqları Laçından çıxarmaq lazımdır. Sabah ermənilərin hücumu gözlənilir. Səhər saat 4-ə qalırdı, yuxudan durduq. Qonşumuz Sabir dayının mikroavtobusu vardı. Atam xahiş etmişdi ki, bizi də aparsın. Evimizdən çıxanda bircə anamın diplomunu götürmüşdüm. Hələ də bilmirəm ki, o vaxt mən niyə diplomu götürmüşdüm. Biz Bakıya yola düşdük. Həmin vaxt ancaq qadın və uşaqlar maşına mindi. Atam və digər kişilər Laçını tərk etmədi. Hələ də evimizə son baxışımı unutmamışam. Uzaqlaşana qədər evimizin yanan işığına baxırdım, elə bil həsrət baxışım idi. Sanki bilirdim ki, uzun illər evimizə qayıda bilməyəcəyəm. Xəlifə ocağı deyilən yer var idi Laçında, oradan keçəndə dedik ki, Sabir dayı saxla avtobusu oranı ziyarət edək, dedi nə vaxtsa, qayıtsanız gəlib ziyarət edərsiniz. Heç qayıtmağımız nəsib olmadı. Sonra Laçın-Qubadlı yolunda Qayğı qəsəbəsindən keçəndə ermənilər bizim avtobusu atəşə tutdu. Hava dumanlı olduğu üçün bizim avtobusu dəqiq nişan ala bilmədilər. Sağ qalmağımız lap möcüzə idi. Deyərdim ki, o duman bizi xilas etdi. Atam Laçını mayın 16-sı tərk etməli oldu. Onlar qalıb savaşmaq istədilər, amma gözlədikləri kömək gəlmədi. İnanın sözlə deyiləsi deyil. Əlinin əziyyəti ilə tikdiyin yurd-yuvanı qoyub çıxmağın, evsiz-eşiksiz qalmağının heç bir izahı yoxdur.

Biz Bakıda iki il yataqxanada yaşadıq. Sonra özümüzə aid evimiz oldu. Naxçıvanda isə 14 ildir ki, yaşayıram. Öz yurdumun qoxusunu buralardan ala bilmişəm. İnsanlarını da öz el-obamın insanına yaxın hiss edirəm. Nənəmin bir sözü vardı: Naxçıvan mənim yanğıma yamaq oldu. Yurdum qədər yurd olub bu diyar.

Nə vaxtsa, öz yurdumuza qayıdacağımızı bilirdim. Köçkünlük həyatının bir gün bitəcəyini hiss edirdim. Budur zəfər yürüşü başa çatdı. Biz qələbə çaldıq. Biz 30 ilin nisgilini 27 sentyabrdan başlayan əks-hücumla, 44 günlük döyüşlə unutduq. Yaşadığımız hisslərin heç bir izahı yoxdur. Xalq olaraq çox əlamətdar günlər, möhtəşəm tarixi anlar yaşayırıq. Bu anların sözlərlə, kəlmələrlə ifadəsi belə mümkün deyil. Göz yaşlarının sevinc yaşları ilə əvəzlənməsi, nisgilli könüllərin fərəhlə dolması, döyünməsi… Bunu bizə yaşadanlar var olsunlar.

Laçına başlanan Böyük Köç...

Üç gün öncə yenidən Narzandə Məcidli ilə görüşüb Laçına başlanan köçlə bağlı həmsöhbət oldum. Məni gördüyü üçün çox şad olan müsahibim bildirdi ki, Səriyyə nə yaxşı ki, mənimlə görüşdün. Sevinc dolu yaşadığım bu günlərdə qəlbim sözlərlə coşub-daşır.

-Bəli, biz 31 ildən sonra həsrətini çəkdiyimiz, qəlbimizdə yanğısı sönməyən doğma yurdumuza, Laçınımıza artıq qayıtmaq üçün hazırlaşırıq. Bilirsən mən hər zaman demişəm ki, “Vətən bağı qan bağından üstündür” bəlkə də mənim bu sözümü bir çox insan anlaya bilməz. Çünki insan ən yaxınını belə itirəndə zamanla onun yoxluğuna alışır. Ancaq itirdiyimiz torpaq, yurddursa, bu qaysaq tutmaz yara kimi qəlbimizə ağrı verirdi. Necə xoş günlər yaşasaq da, o nisgil qəlbimizdən keçmir. Onu da deyim ki, Laçından çıxışımızı xatırlayıram biz necə çıxmışdıq və indi necə qayıtmaq üçün can atırıq. Bizim qayıdışımız böyük qayıdışdır. Həm qalib kimi, həm də oradan çıxan zaman sağqalmayanların, sonradan yurd həsrəti ilə dünyasını dəyişənlərin, bunlardan biri də mənim atam idi, ən böyük arzusuydu ki, öz torpağında son nəfəsini versin nəsib olmadı. Bir sözlə, oranı görmək istəyən ruhlarla, əzizlərimizin xatirəsi ilə qayıdırıq. Biz ağlayaraq çıdığımız yurdumuza, sevinc göz yaşları ilə qayıdırıq. Biz hamımız bilirik ki, Laçın əvvəlki Laçın deyil. Çünki o torpaqlar bütünlükdə şəhid qanına qarışıb. Mənim orda tələbə yoldaşım şəhid olub. Polkovnik-leytenant Rəşad Sadiqov və onun kimi onlarla şəhidlərimizin qanı var Laçın torpaqlarında, Qarabağımızda. Düşünürəm ki, bizlər ora köçüb elə yaşamalıyıq ki, şəhidlərimizin adına layiq olmalıyıq. Bizim qayıdışımız elə olmalıdır ki, biz onların xatirəsini daim yaşatmalı və qorumalıyıq. Bizim dədə-baba torpağımız olsa da, artıq onu deyə bilərəm ki, şəhidlərimizin əmanətidir bizə. Biz o torpaqlarda şəhidlərimizin ruhunu əziz tutaraq canımız bahasına da olasa, torpaqlarımızı gözümüz kimi qoruyub, onlara layiq olmalıyıq.

Bilirsən Səriyyə biz alovlar içində qoyub çıxdığımız Laçın indi abadlaşan, yeniləşən, müasirləşən Laçın olub. Bizim 31 il öncə qoyub çıxdığımız həyətimizdən indi bircə böyük tut ağacı qalıb. Mənim uşaqlığım o ağacda keçib. Xatirəmdə canlandırdığım, yuxularımda gedib gəzib gəldiyim həyətimiz, evimiz tamamilə dağıdılıb. Bircə tut ağacı qalıb. Mən o ağacı gördüyüm üçün o qədər sevindim ki, inan bu sevinci sözlər, cümlələr yetmir ifadə etməyə. İllər sonra bizdən qalan əmanətimiz, mirasımız kimi gəlir mənə... inan ki, çox az zaman qalır qayıtmağımıza, mən artıq 16 ildir yaşadığım, çox sevdiyim Naxçıvanda qala bilmirəm. Mən hər zaman düşünürdüm ki, biz o torpaqlardan çıxandan orada yaz-yay olmur. Laçına yağış yağmayıb, günəş çıxmayıb, bizim torpaqlarımız boz, bulanıq bir məkana çevrilib. İndi qəlbən o qədər tələsirəm ki, tez gedib yerimizə, yurdumuza yazı gətirək, çöl-çəmənlərimizdə gül-çiçəklər açsın, bülbül səsləri ətrafı bürüsün. Belə düşünürəm ki, biz Laçına, Qarabağımıza qayıtdıqdan sonra bizimlə ora nəfəs gələcək, təbiəti canlanacaq. Çox fərqli hisslər keçirirəm. Ən çox da anamın Laçına qayıtmağını istəyirəm. Çünki 31 ildə onun göz yaşları Laçın üçün axdı, dayanmadı. Bir arzusu vardı Laçına gedib evinin barının (hasarının) başına dolanıb, evini görmək. Bilirsən bu qayıdış başlayandan dərmanla yaşayan laçınlılar daha dərman qəbul etmirlər. Kədəri, nisgili ürəyimizdən çıxarandan hamımız sağalmışıq, qocalarımız belə. Ən böyük arzumdur ki, gedib Həkəri çayını görəm. Elə bilirəm gedib görsəm bircə dəfə mən yenidən dünyaya gələrəm. Bilirsən Naxçıvan mənə yurduma qədər yurd olub. Mən yay aylarında dağ kəndlərini, çayları görməyə gedirdim ki, bəlkə bir az da olsun Laçına olan həsrətim azalar. Ancaq hər nə qədər gəzsəm də gözüm yenədə Laçını axtarırdı. Heç bir təbiət, dağ, çay mənim həsrətimi söndürmədi. Ən böyük qorxum idi Laçını yenidən görə bilmərəm. Şükür ki, daha bu hisslər yoxdur bizdə, daha biz köç təbilini çalmağa, qayıtmağa hazırlaşırıq.

Onu da qeyd edim ki, bir zabit yoldaşı olduğum üçün hər zaman qürur duymuşam. Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi bir fikri xatırladım: “Ən böyük vəzifə Vətənə xidmət etməkdir”. Bu gün mən Ali Baş Komandan cənab İlham Əliyevlə, hərbçilərimizlə öz ailəmlə qürur duyuram ki, ən böyük vəzifəni seçərək Vətənə xidmətimizi davam etdiririk.

Deyərdim ki, Zəfər qazanılan gündən qızıl hərflərlə yazılan tarix yaşayırıq biz. Mən tarix müəllimi olaraq çalışdığım müddətdə gələcək nəsillərə Azərbaycanımızın şanlı tarixindən qürurla danışacam. Vətəni sevməyin, Vətəni qorumağın ən böyük amal olduğunu hər zaman onlara aşılayacağam. Həqiqətən Vətəni sevmək, millətçi olmaq, dövlətçi olmaq başqa bir hissdir. Biz bunu Prezidentimiz cənab İlham Əliyevdə, yenilməz ordumuzda gördük. Bizə yaşadılan sonsuz sevincə görə onlara minnətdaram.

Musahibimin sevincinə qoşularaq ona son sözüm bu oldu ki, ümid edirəm növbəti görüşümüz Laçında, sizin dədə-baba yurdunuzda, həsrətini çəkdiyiniz evinizdə olar. Bu arzuya çatmağımızasa artıq sayılı günlər qalıb, sağolun...

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru