05 iyun 2023 10:01
261

"Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dayanıqlı inkişafını təmin etdi

Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır. Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir.

“Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edilən mərasimdəki çıxışında bildirib ki, “Sonuncu Bakı Enerji Həftəsindən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir”.  Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq və bu, olduqca real rəqəmdir. Azərbaycanın qaz təchizatının dinamikasına nəzər salsaq görərik ki, ötən il bu rəqəm 8 milyard kubmetr idi və bu il 12 milyard kubmetr qaz nəql ediləcəkdir.

Neft sənayesinin innovasiyalar üçün münbit zəmin olduğunu yaxşı bilən Heydər Əliyev özünəməxsus böyük uzaqgörənlik nümayiş etdirərək, Ümumittifaq neft sənayesinin konseptual inkişaf perspektivlərini təmin edən bir çox təsisatları – elmi-tədqiqat institutlarını, istehsalat birliklərini, mühüm strateji müəssisələri Bakıda cəmləşdirdi. Məqsəd neft sənayesində elmtutumlu müasir sahələrin inkişafına təkan verməkdən, aktual və prioritet istiqamətləri müəyyənləşdirməkdən, keçmiş SSRİ-nin elmi-texniki fikrini bu istiqamətlərə yönəltməklə son nəticədə bütün mümkün vasitələr hesabına Azərbaycan neft təsərrüfatının modernizasiyasını həyata keçirməkdən və respublikamızı yenidən iri neft mərkəzlərindən birinə çevirməkdən ibarət idi. Dünya neft sənayesinin gələcək inkişaf yolunun məhz dənizdə neftçıxarma ilə bağlı olacağını irəlicədən görən Ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlanıldı.

Dövlətimizin müdrik rəhbəri İlham Əliyev cənabları Azərbaycan neft sənayesinin daha işıqlı gələcəyinə inamını vurğulayaraq demişdir: “Mən əminəm ki, bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir”.

Bütün dünya dövlətlərində istifadə olunan enerji mənbələri arasında ən böyük pay neft və təbii qaza məxsusdur. 20-ci əsrdə dünyanın ən əhəmiyyətli enerji mənbəyi halına gələn neft dünya siyasətinə və iqtisadiyyatına rəhbərlik etdi. Neft kimi uzun müddətdə strateji mövqeyini qoruyacaq təbii qaz ilkin enerji mənbələri arasında mühüm yer tutur. Neft ehtiyatlarının azalması ilə yaranan boşluq təbii qaz ehtiyatları ilə doldurulacaqdır. Təbii qaz son illərdə istilik, elektrik enerjisi istehsalı və sənaye malları istehsalında əvəzolunmaz enerji mənbəyinə çevrilmişdir.

Könül Həsənova,
YAP Xətai rayon təşkilatının “Telnov 6” ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü