06 iyun 2023 15:35
400

Millət vəkilinin və ƏƏSMN-in birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə Goranboy şəhəri Olimpiya İdman Kompleksində 20 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirildi. Əmək yarmarkasında Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının direktoru Elməddin Qurbanov, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri və işaxtaran vətəndaşlar iştirak etdilər.

“İki sahil” xəbər verir ki, tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edildi.

Daha sonra millət vəkili Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov çıxış edərək əmək yarmarkasında əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb, işəgötürülənlərə və iş axtaranlara uğurlar arzulayıblar.

Yarmarka çərçivəsində, ümumilikdə 170 nəfər iştirak etdi və işlə təmin olunmaları üçün müraciət edən 100 nəfərin müvafiq sənədləri qəbul olunaraq, qeydiyyata alındı.