22 iyul 2026 21:02
125

Qaradağ rayonunda 22 İyul-Milli Mətbuat Günü qeyd edilib

22 iyul – Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, qəzetlərin, informasiya agentliklərinin, televiziya kanallarının və digər onlayn media resurslarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov milli mətbuatımızın yaranmasının 151 illiyi münasibətilə media nümayəndələrini səmimi-qəlbdən təbrik edərək, Azərbaycan mətbuatının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. O bildirib ki, 151 illik tarixə malik Azərbaycan milli mətbuatı zəngin ənənələrə söykənir və bu ənənələrin əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub.

Çıxış zamanı vurğulanıb ki, dövrün görkəmli ziyalıları və qələm sahibləri xalqın maariflənməsində, milli şüurun formalaşmasında mühüm rol oynayəb, sözün gücü ilə cəmiyyətin inkişafına əhəmiyyətli töhfələr veriblər. Bu zəngin ənənə bu gün də Azərbaycan mətbuatında uğurla yaşadılır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyətin formalaşmasında mətbuatın roluna xüsusi önəm verib, senzuranın ləğvi və kütləvi informasiya vasitələrinin azad, müstəqil fəaliyyət göstərməsi üçün mühüm islahatlar həyata keçirib. Ulu Öndərin müəyyən etdiyi bu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

YAP rayon təşkilatının sədri bildirib ki, hazırda ölkədə media sahəsinin inkişafı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının müvafiq sərəncamları ilə media nümayəndələri üçün yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Tədbirin sonunda kütləvi informasiya vasitələrinin nümayəndələrinə xatirə hədiyyələri və plaketlər təqdim olunub.