07 iyun 2023 02:58
469

Ölkəmiz Avropanın enerji təminatında söz sahibinə çevrilir

Cənub Qaz Dəhlizinin genişləndirilməsi və "Həmrəylik Halqası" layihəsinin işə düşməsi nəticəsində Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti ildən-ilə artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Azərbaycan da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna, enerji sisteminə malik ölkələrdəndir. Ölkəmiz karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının (Aİ) bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini bəyan edir. Bu səbəbdən də hazırda Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir. Bu günlərdə ölkəmizdə baş tutan Bakı Enerji Forumundakı çıxışında energetika naziri Pərviz Şahbazov bu məsələlərə toxunaraq bildirib ki, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 10-dan çox ola bilər: "Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir. Bunun da təxminən yarısı Avropaya tədarük ediləcək. Hazırda Azərbaycan qazı 6 ölkəyə nəql olunur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və "Həmrəylik Halqası" layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər".

Statistik rəqəmlərə də nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Belə ki, keçən il Azərbaycan qazının Avropaya ixracı 11,4 milyard kubmetr (2021 illə müqayisədə 39 faiz artım), Türkiyəyə - 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr təşkil edib. Ümumilikdə ötən il 35 milyard kubmetr qaz hasil edilib, onun təxminən 13 mlrd kubmetri daxili bazara yönəldilib, qalan 22 milyard kubmetri isə ixrac olunub. İstismara veriləndən 2023-cü ilin mayın 1-nə qədər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib. Qeyd edək ki, “Şahdəniz” yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir.

Prezident İlham Əliyevin "Gələcək üçün yol xəritəsi" adlandırdığı Aİ ilə keçən il imzalanmış enerji memorandumuna əsasən, Azərbaycandan Avropaya qaz nəqlinin həcmi yaxın illərdə 20 milyard kubmetrə çatdırılmalıdır. Hazırda Azərbaycan əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir. Çıxarıla bilən qaz ehtiyatları 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlar 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir. Bakı Enerji Həftəsinin 2-ci günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxışında qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək” perspektiv strukturunda axtarış-kəşfiyyat işlərini sürətləndirmək məqsədilə SOCAR xarici şirkətlərlə danışıqlar aparır. Onun sözlərinə görə, qeyd olunan işlərin başlanılması üçün bu il mayın 10-da Fransanın "TotalEnergis" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. X.Yusifzadə əlavə edib ki, əgər "Ümid" yatağının ehtiyatları 200 milyard kubmetr həcmindədirsə, "Babək" strukturunun ehtiyatları bundan iki dəfə çox ola bilər: “Ümumilikdə SOCAR-ın qarşısında “Ümid” və “Abşeron” yataqlarında qazma işlərinin intensivliyinin artırılması, “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl” və “Şəfəq Asiman” perspektiv strukturlarında aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən qiymətləndirilməsi, bu ərazilərdə yeni quyuların qazılması və bu layihələrin icrasının sürətləndirilməsi məsələləri durub”. Göründüyü kimi, hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var.

Azərbaycan həm də alternativ enerji strategiyasını tətbiq etməyə başlayıb. Bununla bağlı Gürcüstan, Rumıniya və Macarıstanla Buxarestdə "yaşıl enerji" sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Nəticədə Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya ixrac olunacaq. Azərbaycanın bu layihəni gerçəkləşdirmək potensialı var. Bura 27 geqavatlıq günəş, 157 geqavatlıq külək, işğaldan azad edilən ərazilərdə 210 geqavatlıq alternativ enerji potensialı aiddir. Sözügedən potensial mövcud texnoloji vasitələrlə dəstəklənir. Gələcəkdə bu potensialın daha yüksək olacağı şübhəsizdir. Çünki, Azərbaycanda potensial, etibarlılıq, tərəfdaşlıq, ən əsası isə iradə var. Buna görə də, neft və qaz strategiyası kimi alternativ enerji strategiyasının da uğur qazanacağına şübhə yoxdur. “Yaşıl enerji” ilə bağlı xarici şirkətlərin də Azərbaycana maraq göstərdiyi müşahidə olunur. İlkin hesablamalara əsasən, müvafiq stansiyalar qurulduqdan sonra Azərbaycanda 350 milyon kubmetr miqdarda təbii qazın sərfiyyatına qənaət etmək mümkün olacaq. Həmçinin 600 min ton karbon emissiyası azala bilər. Həmçinin tranzit baxımından da ölkəmizin rolu artacaq. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Mərkəzi Asiya ölkələrinin çoxu Azərbaycan üzərindən dünya bazarlarına çıxır. Qazaxıstan neftinin müəyyən bir hissəsi, Türkmənistanın neft və neft məhsullarının böyük hissəsi, neft-kimya məhsulları, karbomid, müxtəlif markalı politilen məhsulları, Özbəkistanın texniki kükürdü, karbomidi Azərbaycan üzərində dünya bazarlarına tədarük edilir. Bu isə o deməkdir ki, Azərbaycan yeni enerji-nəqliyyat dəhlizi rolunu qarşıdakı illərdə daha da artıracaq.

Sevinc Azadi, “İki sahil”