07 iyun 2023 00:58
452

Qeyri-neft sektoru: İxracın 19 faizi SOCAR-ın payına düşüb

Rəsmi göstəricilərə görə, 2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 187,2  milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artım deməkdir. Bu, həm də yeni rekorddur. Belə ki, yanvar-may ayları üzrə ilk dəfə ötən il 1 milyard dollardan çox göstərici qeydə alınmışdı. Cari ilin yanvar-aprel aylarında isə bu rekord bir növ yenilənib.

Artım əsasən elektrik enerjisi ixracının artması hesabına olub. Əgər 2022-ci ilin ilk 4 ayında elektrik enerjisi ixracının dəyəri 33 milyon 502 min dollar idisə, 2023-cü ilin ilk 4 ayında bu göstərici 9,4 dəfə və ya 280 milyon 181 min artaraq 313 milyon 683 min dollar təşkil edib. Beləliklə, elektrik enerjisinin ixracının artımı ümumi qeyri-neft ixracının artımından çox olub. Qeyri-neft ixracının dəyərinin 26,4 faizi elektrik enerjisinin payına düşüb.

Elektrik enerjisi qeyri-neft sektoruna aid malların ixracı siyahısında birinci olub. Bu siyahıda pomidor (54,2 milyon dollar) ikinci, meşə fındığı (47,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 

Ümumilikdə, hesabat dövründə qeyri-neft ixracının 236,2 milyon ABŞ dolları yeyinti məhsullarının payına düşüb. 2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1 faiz artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 faiz artaraq 74,7 milyon ABŞ dolları olub. Yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,4 dəfə, şəkər ixracı 37,6 faiz artıb.

Qeyri-neft ixracının coğrafiyasına gəlincə, yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon, Rusiyaya 285,2 milyon, Gürcüstana 142,6 milyon, İsveçrəyə 49,2 milyon, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövründə İsveçrə istisna olmaqla, adıçəkilən digər ölkələrə qeyri-neft ixracında artım qeydə alınıb.

2023-cü ilin yanvar-aprel aylarında dəyər etibarilə ən çox qeyri neft-qaz məhsulu ixrac etmiş  qeyri-dövlət subyekti “MKT İstehsalat Kommersiya” MMC olub. Siyahıda sonrakı yerlərdə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Best Logistik” MMC, “Khan-El” MMC kimi müəssisələr qərarlaşıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Şəki Şərab” MMC, “Azəripək” MMC kimi müəssisələr yer alıb.

SOCAR-ın siyahıda yer almış iki müəssisəsinin ixracının birgə dəyəri 221,7 milyon dollar olub ki, bu da ümumi qeyri-neft ixracının 18,7 faizinə bərabərdir.

Ceyhun Piriyev, “İki sahil”