08 iyun 2023 02:13
857

Azad iqtisadi zonalar və sənaye parkları: İdeyadan reallığa doğru

Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə, bu diyarın investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək

Son dövrlərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik, rəqabətqabiliyyətli məhsul istehsal edən sənaye parklarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bunun nəticəsi olaraq, bu gün Azərbaycanda sənaye parkları və sənaye məhəllələri iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Sənaye parklarının fəaliyyətinin düzgün təşkili onların beynəlxalq reytinqinə də müsbət təsir göstərir. Belə ki, bu günlərdə “BIK Ratings” reytinq agentliyinin hazırladığı sənaye parklarının reytinq siyahısında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir, Pirallahı və Qaradağ sənaye parkları 40 sənaye parkı arasında ilk onluqda yer alıb.

Bu gün ölkəmizdə Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonlarında yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları olmaqla 6 sənaye parkı və Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri olmaqla 4 sənaye məhəlləsi, həmçinin 50-yə yaxın aqropark fəaliyyət göstərir. Azərbaycanda sənaye parklarının yaradılmasına başlanmasının ciddi əsasları var. Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki, sənaye parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq imkanına malikdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına və inkişafına xüsusi yer verirlər. Türkiyə, Almaniya, Polşa, Çin və Cənubi Koreya kimi dövlətlərin təcrübələri sübut edir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac imkanlarını artırır, rəqabət qabiliyyətini gücləndirir, idxalı əvəz edən məhsulların istehsalını artırmağa münbit şərait yaradır, regionda məşğulluğun təmini, investisiyaların, qabaqcıl təcrübənin və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Təbii ki, sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Təcrübə göstərir ki, sənaye parkı sahələri mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanlarına və işçi qüvvələri ehtiyatına malik olan ərazilərdə yerləşir, keyfiyyətli və hərtərəfli infrastruktur imkanlarına malik olur. Bütün bunlar investisiya cəlbediciliyini artırır, investisiya layihələrinin inkişafına təkan verir, eləcə də kiçik və orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır. Bu mənada ölkəmizdə yeni sənaye parklarının yaradılması, sənaye məhəllələrinin salınması istiqamətində qəbul edilən qərarlar zamanın tələbindən irəli gələn, zamanla ayaqlaşan yanaşmadır ki, bu da yaxın gələcəkdə öz bəhrəsini daha da ciddi şəkildə göstərəcək. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bununla bağlı konkret vəzifələr müəyyənləşdirilmişdir. Belə ki, proqramın 4.1.1-ci bəndində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə, buranın investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Naxçıvan Muxtar Respublikasında sənaye parkı da yaradılacaq. Qeyd olunub ki, sənaye parkının yaradılması yekunda sənaye sahəsinin inkişafı, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.

Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi müzakirələrin getdiyi bir dövrdə muxtar respublikanın azad ticarət zonasına çevrilməsi haqqında mühüm vəzifələrin ortaya qoyulması bu sahədə ciddi layihələrin həyata keçirilməsindən xəbər verir. Maraqlıdır, Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi region üçün hansı perspektivləri vəd edir? Hazırda Şərq-Qərb dəhlizi üzərində son illərin ən böyük layihələrindən olan Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizin müasir logistik-tranzit imkanlarını təqdim edir. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər isə Naxçıvan Muxtar Respublikasının tranzit imkanlarının önünü açır. Nəzərə alaq ki, ötən əsrin əvvəllərindən başlayaraq, xüsusilə sovetlər birliyi dövründə Bakı-Naxçıvan-İrəvan dəmiryol xətti hər il milyonlarla ton yükün daşındığı mühüm nəqliyyat xətlərindən biri olub. Eyni zamanda, adıçəkilən dəmiryol xətti İran İslam Respublikasına da Culfa vasitəsilə (Moskva-Tehran) sərnişin və yükdaşımalarını yerinə yetirib. Hazırki dövrdə isə bu dəmiryol xəttinin Qars-İqdır dəmir yolu xəttinə birləşdirilməsi işləri həyata keçirilir. Ortaya çıxan nəticə budur ki, bu layihələr (paralel olaraq həm də avtomobil yolu) tamamlandıqdan sonra Naxçıvan ərazisi mühüm nəqliyyat qovşağına çevriləcək. Bu cür aktiv nəqliyyat qovşağında azad ticarət zonasının yaradılması isə olduqca mühümdür. Bundan əlavə, Naxçıvanın dəmiryol və avtomobil yollarının Böyük İpək Yolu üzərində yerləşməsi, əlavə olaraq, muxtar respublikada beynəlxalq statusa malik hava limanının mövcudluğu yaradılacaq xüsusi zonanın inkişafına mühüm təsir göstərəcək, nəticədə, ixrac-idxal əməliyyatlarında nəqliyyat şaxələndirilməsi təmin ediləcək. Həmçinin belə zonalarda istənilən iqtisadi fəaliyyət növü üçün gömrük-vergi rüsumları tətbiq olunmadığından sahibkarlığın inkişafı üçün münbit şərait yaranacaq.

Yeni yaradılacaq azad iqtisadi zona təkcə logistika baxımından deyil, həm də yerləşdiyi bölgənin özünün mühüm sənaye və kənd təsərrüfatı potensialına malik olması ilə də əhəmiyyətlidir. Bu isə yerli sahibkarlarla yanaşı, xarici investorların da regiona marağını artıracaq. Bunu da nəzərə alaq ki, azad iqtisadi zonaların inkişafı, eyni zamanda maliyyə və sığorta xidmətlərinin, valyuta əməliyyatlarının, əqli mülkiyyətin, turizmin və digər sahələrin inkişafına böyük təsir göstərir. Bu isə gələcəkdə Naxçıvanı mühüm maliyyə və xidmət mərkəzlərinin, ticarət nümayəndəliklərinin cəmləşdiyi mərkəzə çevirəcək.

Sevinc Azadi, “İki sahil”