Demək olar ki, neft 6 min ildən artıqdır ki, praktik olaraq istifadə olunur.
Qədim Babilistanda bitumdan tikintidə geniş istifadə olunurdu. Həmçinin, qədim misirlilər və daha sonradan yunanlar işıqlandırma vasitəsilə primitiv lampalardan istifadə edirdilər və bu lampaların əsas yanacağı neft idi.
“Neft” sözünün necə yaranması maraqlı olsa da, hələ ki bu barədə dəqiq məlumat yoxdur. Bu istiqamətdə bir neçə versiya mövcuddur. Bəzi mənbələrdə “neft” sözünün farslara qədim semitlərdən keçdiyi güman edilir. Sözdə “npt” feil kökü açıq aydın görünür ki, bu da semit dilindən tərcümədə “boşaltmaq” kimi tərcümə edilir.
Digər bir mənbədə isə “neft” sözünün akkadların dilindən gəldiyi, həmin dildə “yanmaq” mənası daşıdığı bildirilir. Bəzi mənbələr fars dilindəki “naft” sözündən alındığını, “maye məhsul” anlamına gəldiyini iddia edirlər.
Alimlər əsrlərdən bəri neftin yaranması barəsində araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla — heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır. Fərqli düşüncələr, müxtəlif rəylər zaman-zaman elmi mübahisələrə səbəb olub, amma alimlərin əksəriyyəti bu qənaətdədirlər ki, neftin və təbii qazın yaranması prosesi milyon illər boyu davam edib.
Xam neftin tərkibinə nə az, nə çox 1000 komponent daxildir.
Bir damcı neft 25 litr içməli suyu yararsız hala sala bilər.
1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Məhz bu ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyillərini gücləndirdi. Onların Böyük Britaniyadan azad olmaq üçün növbəti referendum 2014-cü ildə keçirilmişdi.
Hər 1 barrel çıxarılan neftin ancaq yarısı benzinə çevrilir, qalan yarısı isə bir çox müxtəlif məhsulların istehsalında istifadə olunur.
Neft kimyəvi tərkibinə görə daş kömürə çox bənzərdir. Onun da əsas tərkib hissəsi karbondur. Buna görə də, alimlər neft və qazı kömür, torf və şist ilə yanaşı eyni qazıntı maddələri sinfinə aid edirlər.
Yaxın keçmişdə benzinin qiyməti çox ucuz olub, çünki o yararsız məhsul hesab edilirdi.
Neftdən nəinki yanacaq istehsalında, həmçinin kimya sənayesində geniş istifadə olunan müxtəlif elementlərin alınmasında da aktiv istifadə olunur. O, bərpa olunmayan faydalı qazıntı növlərinə aiddir, yəni hazırda neft əmələ gəlmə prosesi getmir. Ən iri yataqlar neft hasilatı sahəsində dünya liderləri olan Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ ərazisində cəmlənib.
Neftdən yalnızca benzin və kerosin deyil, həmçinin DVD və CD disklər, telefon və kompüterlər, tank və təyyarələr, dodaq boyası və ətir, diş məcunu və yuyucu maddə, antiseptik maddə və dərman hazırlanır. Bu hələ neftdən hazırlanan məhsulların tam siyahısı deyil.
Hələ qədim dövrlərdən Azərbaycan dünyada neftin vətəni sayılırdı. Bakının neft mədənlərində quyular bir qayda olaraq əl ilə qazılırdı. XIX əsrin əvvəllərindən etibarən neft quyularının daha mütərəqqi üsullarla qazılması istiqamətində araşdırmalara başlanıldı. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.
ABŞ-ın şimal-qərbində yerləşən Pensilvaniya əyalətinin Rosvill rayonunda Edvin Dark tərəfindən 1859-cu ildə Bakıdan sonra dünyada ikinci neft quyusu açıldı. 16 avqust 1861-ci ildə quyudan davamlı olaraq neft əldə olunmağa başladı. Neft quyusunun dərinliyi 60 metrə yaxın idi və gündəlik hasilat 175 barrelə çatırdı. Hazırda quyudan gündəlik 40 barel neft çıxarılır.
Hal-hazırda dünyanın ən çox neft ehtiyatı olan ölkələr siyahısında ilk yeri Venesuella tutur.
Samirə Tağıyeva, “İki sahil”