Dəyişikliklərə əsasən, əsas diqqət Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək
2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur.
Bütövlükdə 2023-cü ildə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, prosesin sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək.
Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da etibarlı təşkili üçün əlavə 1 milyard 105 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 1 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək.
Başqa zəruri xərclər üçün əlavə 973,4 milyon manat nəzərdə tutulur. Bura iqtisadi dəstək və digər iqtisadi fəaliyyət, dövlət borcuna xidmətlə bağlı, dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri daxildir. Həmçinin beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması daxildir. Eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin bu bölgənin büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərinnin maliyyə təminatı nəzərə alınacaq.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsinə dair izahatda 2023-cü ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının 897,9 manat səviyyəsində olacağı nəzərdə tutulub.
Bu barədə “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub. Hesabatda qeyd olunur ki, bu göstərici eyni zamanda, 2023-cü ilə dair məcburi dövlət sosial sığorta gəlirləri üzrə proqnozun formalaşmasında iştirak etmiş əsas elementlərdən biridir.
Statistik məlumatlara əsasən, cari ilin ilk iki ayı üzrə orta aylıq əmək haqqının artım tempi 1,8% olub. Bu göstərici ilin əvvəlinə mövcud olmuş əməkhaqqı məbləği ilə ilin sonuna proqnozlaşdırılan (897,9 manat ) əmək haqqı məbləği arasındakı fərqin 25,8%-ni təşkil edir. Aydın olur ki, bu göstərici ilin sonuna orta aylıq əməkhaqqının proqnozlaşdırılan həddən yüksək olacağını ehtimal etməyə imkan verir. İzahatda cari ilin sonuna orta aylıq əməkhaqqının 910,8 manat həddində olacağı gözlənilir. Bu da ilkin proqnoz göstəricisindən 12,9 manat (1,4%) çoxdur.
Orta aylıq əməkhaqqı üzrə göstəricilərin formalaşmasında üstün mövqeyə malik olan subyekt muzdla çalışan şəxslərdir. Bu şəxslər üzrə formalaşan gəlirlərin əsas hissəsinin məcburi dövlət sosial sığortası ilə də əhatə olunması, orta aylıq əməkhaqqı üzrə artımların, eyni zamanda, DSMF-nin sosial sığorta gəlirlərinin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəyini ifadə edir.
Cari ilin əvvəlinə mövcud olmuş əməkhaqqı ilə ilkin halda ilin sonuna nəzərdə tutulmuş proqnoz göstəricisinin fərqi 25,8% təşkil edir. Habelə cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında baş vermiş dinamik və nəzərə çarpacaq müsbət meyillərin nəticəsi kimi ilin sonuna orta aylıq əməkhaqqının 910,8 manat həddində gözlənilir. Fond tərəfindən layihədə sosial sığorta gəlirlərində artımlara dair dəyişiklik nəzərdə tutulmayıb.
Cavid Əkbərov, “İki sahil”