Cari ilin dövlət büdcəsində aprılan dəyişikliklər ölkədə gedən iqtisadi islahatlara rəğmən, ilin ötən dövrü ərzində əldə olunmuş müsbət nəticələrə uyğun baş verən təbii bir prosesdir. Ölkə iqtisadiyyatında bu İlin 4 ayı ərzində əldə olunmuş müsbət nəticələrlə yanaşı, dünya bazarlarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 ABŞ dolları çoxdur. Elə bu səbəbdən də yenilənmiş makroiqtisadi proqnozlara əsasən ilin qalan dövrü üçün neftin bir barrelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülüb. Dörd ayda əldə olunmuş müsbət tendensiyalara uyğun olaraq 2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Dövlət büdcəsində cari ilin 4 ayı ərzində 3 milyard 235 milyon manat profisit yaranıb ki, bu da iqtisadiyyatda və xüsusilə onun real sektorunda baş verən müsbət ənənələrə, eyni zamanda, ölkənin vergi və gömrük sistemində aparılan şəffaflaşma proseslərinə tam uyğundur.
Gəlir və xərclərin artımını nəzərdə tutan yeni dövlət büdcəsində əlavə vəsaitlərin ilk növbədə işğaldan azad olunmuş ərazilərin bərpasına və ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Dövlətin bu seçimi günün reallıqlarına tam uyğundur. Hər kəsə məlumdur ki, işğaldan azad olmuş torpaqlarımızda bərpa işləri nə qədər vacibdir. Dövlətimiz 30 ilə yaxın işğal altında qalmış ərazilərimizə dönmək istəyən və bunu on illərdir səbirsizliklə gözləyən vətəndaşlarımız üçün o yerlərdə normal həyat tərzini təmin edəcək real şərait yaratmaq istəyir. Bununla yanaşı, unutmamalıyıq ki, ermənilər ağır məğlubiyyətdən sonra qisas almaq hissləri ilə yaşayırlar və bunu heç kimdən gizlətmirlər. 44 günlük müharibədə tarixi Zəfərimizdən sonra onlar ən müasir silahları əldə etmək üçün bu gün böyük məbləğdə vəsaitlər xərcləyirlər. Bu o deməkdir ki, nadan qonşularımız sakitləşmək fikrində deyillər. Deməli, hər vaxt yenidən hərbi qarşıdurma baş verə bilər. Ən azı bu səbəbdən biz hərbi qüdrətimizin artırılmasını və onun ən yüksək səviyyədə saxlanmasını təmin etməyə borcluyuq.
Bəs hakimiyyətin bütün müsbət işlərini “təftiş edib” əmma axtarışında olanların istəyi nədir? Baxın, onlar hər fürsətdən xalqla hakimiyyət arasında bir narazılıq yaratmağa can atırlar. Büdcədə edilən dəyişikliklərlə artırılmış xərclərin nədən social məsələlərin həllinə yönləndirilmədiyini qabardırlar. Cənablar, sizlərin dediyi xərclər həmişə dövlətimizin və Prezidentimizin diqqətində olan ən mühüm məsələlərdən biridir. Zaman-zaman dövlət bu artımları edir və edəcəkdir. Siz hər yaranan fürsətdən öz məqsədlərinizə çatmaq üçün bu qədər eybəcər şəkildə yararlanmağa çalışmayın. Sağlam düşünən böyük çoxluq bu gün bütün reallıqları dəyərləndirməyi yaxşı bacarırlar. Büdcədə edilən hər dəyişiklik sizlərin düşündüyü kimi baş verməli deyil ki…
Fikrət Yusifov,
iqtisad elmləri namizədi, professor,
sabiq maliyyə naziri