09 iyun 2023 02:15
766

Qastroturizm: Perspektivlər nə vəd edir

Qastroturizmin inkişafı turizmin vacib istiqamətlərindən biri hesab edilir. Son illərdə ölkəmizin qastronomiya destinasiyasının təbliğatı istiqamətində işlər həyata keçirilir.

Məlum olduğu kimi, 2018-ci ildən kulinariya sahəsi Dövlət Turizm Agentliyinin (DTA) tabeliyinə verilib. Agentliyin ən mühüm vəzifələrindən biri milli mətbəx nümunələrinin qorunması və təbliğatından ibarətdir. Milli Kulinariya Mərkəzi tərəfindən milli mətbəx nümunələrinin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb. Hazırda kulinariya sahəsində təhsili inkişaf etdirməklə gənc, bu sahəni ürəkdən sevən, peşəkar aşpazların fəaliyyətinə dəstək verilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, bununla zəngin kulinariya ənənələrimizi dünyaya çatdırmaq, bu istiqamətdə təbliğat işini gücləndirmək və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək əsas fəaliyyət istiqamətlərindəndir.

Ölkəmiz zəngin və qədim kulinariya ənənələrinə malikdir. Sirr deyil ki, Azərbaycan mətbəxi özünəməxsus dadları ilə seçilir. Bu gün bütün dünyada qastroturizm maraqlı və fərqli sahə kimi inkişaf etməkdədir. Dünya təcrübəsində qastronomik turların, eləcə də yeni dadların axtarışında olan turistlərin sayı artmaqdadır. Turistlər səfər etdikləri ölkənin milli mətbəx nümunələri ilə tanış olmaq, yeni dadlar kəşf etmək istəyirlər. Odur ki, qastroturizmin inkişaf etdirilməsi vacib istiqamət sayılır.

DTA ölkədə kulinariya sahəsində və onun inkişafı istiqamətində məsul olan əsas qurumdur. Son dönəmdə kulinariya və o cümlədən qastronomiyanın inkişafı ilə bağlı agentlik tərəfindən yeni strateji yanaşma ortaya qoyulub və müxtəlif perspektivli işlər, böyük layihələr həyata keçirilir.

DTA yanında Azərbaycan Turizm Bürosu “Milli dadlar” layihəsinin icrasına başlayıb. Tezliklə ictimaiyyətə təqdim ediləcək layihə müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır. İndiyədək 1200-ə qədər milli dad bir araya yığılıb. Layihənin məqsədi bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir. Bundan başqa, yaxın vaxtlarda Bayıl Kulinariya Təcrübə Mərkəzi açılacaq. Bu mərkəz ölkəmizdə kulinariyanın inkişafına mühüm töhfə verəcək. Həmçinin Azərbaycanda yeni turizm marşrutu üzərində iş gedir.

Bundan başqa, milli küçə yeməklərinin hazırlanması istiqamətində konsepsiya üzərində də iş aparılır. Bu çərçivədə qutabın müxtəlif növlərinin təqdim olunması nəzərdə tutulur. Təəssüf ki, bizdə küçə yeməyi deyəndə dönər və lahmacun başa düşülür ki, bu da Türkiyə mətbəxinə aiddir. Bizim milli yeməklərin də “streed food” modelinin hazırlanması mühüm məsələlərdən biridir və ilk olaraq qutab növlərinin təqdimatı hazırlanır.

Qastronomiya ilə bağlı İpək Yolu adlı marşrut da hazırdır, Şamaxıda bu istiqamətdə tədbir keçiriləcək. Burada dünyanın müxtəlif ölkələrindən, o cümlədən türk dövlətlərindən nümayəndələr iştirak edəcək. Bu il Şuşada kulinariya günlərinin keçirilməsi də nəzərdə tutulur. Həmçinin işğaldan azad olunmuş digər ərazilərdə də turizmin inkişafı istiqamətində işlər aparılır. Xocavənd rayonunun Tuğ kəndində Qastronomiya Mərkəzi açılacaq. Ölkəmizin unudulmaqda olan yeməklərinin təbliğatı üzrə işlər aparılır. Bu barədə bir sıra qurumlarla birgə fəaliyyətlər həyata keçirilir. İlkin olaraq bir neçə pilot səfərlər təşkil edilməsi nəzərdə tutulur. Daha sonra isə bu layihə də biznesə açıq olacaq və qonaqlarımız unudulmaqda olan yeməklərimizlə tanış olacaqlar. Naxçıvan Muxtar Respublikasında yeni turizm məhsulları hazırlanacaq.

Cavid Əkbərov, “İki sahil”