08 iyun 2023 22:36
738

Professor Əjdər İsmayılovun 85 illik yubileyinə həsr edilmiş elmi sessiya FOTO

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tarixçi, “91-lər”in üzvü, filoloq-türkoloq, filologiya elmləri doktoru, mərhum professor  Əjdər İsmayılovun anadan olmasının 85 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, yazıçı-publisist Yunus Oğuz, həmçinin Ədəbiyyat, Dilçilik, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarının əməkdaşları və digər şəxslər iştirak ediblər.

Sessiyanı giriş sözü ilə açan akademik İsa Həbibbəyli Əjdər İsmayılovun həyat və yaradıcılığından bəhs edib. O, görkəmli alimin elmi fəaliyyəti ilə yanaşı, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda mübarizənin əsas fədakarlarından biri olduğunu bildirib. Qeyd edib ki, bənzərsiz şəxsiyyəti ilə seçilən Əjdər İsmayılov zahirən çılğın və emosional görünsə də, hər zaman onun niyyətində xeyirxahlıq, insanlıq dayanıb və bu, onun obrazını, simasını müəyyən edən keyfiyyətlər olub.

Professor Əjdər İsmayılovun Azərbaycan ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verdiyini bildirən AMEA-nın rəhbəri onun Hüseyn Cavid haqqında apardığı silsilə tədqiqatlarla Azərbaycan ədəbiyyatının tanınmış simalarından birinə çevrildiyini söyləyib. Diqqətə çatdırıb ki, Əjdər İsmayılov ötən əsrdə Hüseyn Cavidlə bağlı tədqiqatlar apararkən görkəmli ədibə yenicə bəraət verilmişdi və Cavid araşdırmaçıları öz işlərini ehtiyatla görürdülər: “Əjdər İsmayılov isə Cavid sənətinə bağlı olduğu üçün çəkinmədən tədqiqatlarını aparmış, cavidşünaslar arasında öz sözünü demişdir. Onun xarakteri qətiyyən dəyişməmişdir. O, təkcə Hüseyn Cavid haqqında tədqiqatlar aparmamış, bütövlükdə Cavid uğrunda mübarizə aparmışdır. Ötən əsrdə müqayisəli tipoloji tədqiqatlar aparılarkən ya Qərbi, ya da SSRİ-ni əsas götürərək, “böyük qardaş”a ehtiyac duyulardı. Əjdər İsmayılov isə belə yanaşmalara əhəmiyyət verməzdi. “İblis”in mənşəyini Qərb ədəbiyyatında deyil, Şərq mədəniyyətinin dərin qatlarında axtarırdı. Bu, onun ədəbi siması idi”.

AMEA prezidenti bildirib ki, Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlarda vətənpərvərlik, azərbaycançılıq mövqeyi vardı. Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kimi uydurma tarix və şəxsiyyətlərlə bağlı ciddi əsərlər ortaya qoyub, Qafqaz Albaniyası ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir.

Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan akademik İsa Həbibbəyli onun Heydər Əliyevin ən yaxın silahdaşlarından və məşhur “91-lər”dən olduğunu, bu istiqamətdə sona qədər qətiyyətlə və təmənnasız mübarizə apardığını bildirib.

Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılarkən ölkə başçısının etimadı əsasında Əjdər İsmayılov şuranın üzvü seçilib və bu, Prezident İlham Əliyevin Əjdər İsmayılovun fəaliyyətinə verdiyi ədalətli qiymət olub.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə Əjdər İsmayılovu gənclik illərindən tanıdığını və onun daim əhatəsində olan gənclərə dəstək göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyi təhlükə altına düşdüyü bir zamanda Əjdər İsmayılov sakit dayana bilməzdi və o, Konstitusiyadakı “yaş həddi” bəhanəsi ilə Ulu Öndər Heydər Əliyevə qarşı yönəlmiş maddəyə etiraz olaraq 1992-ci ilin aprel ayında keçirilən mitinqin əsas təşkilatçılarından idi.

Sessiyada, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd və yazıçı-publisist Yunus Oğuz çıxış edərək alimin ictimai-siyasi fəaliyyətindən, ədəbiyyat, tarix, albanşünaslıq, dil, filologiya sahələrindəki apardığı tədqiqatlardan danışıblar.

Sonda Əjdər İsmayılovun oğlu, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl çıxış edərək atasının 85 illik yubileyi ilə bağlı respublika ərazisində tədbirlərin keçirilməsinə yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib. Həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına Əjdər İsmayılovun xatirəsini əziz tutduqları üçün təşəkkür edib.

Ceyhun Piriyev, “İki sahil”