09 iyun 2023 10:51
426

BTC ilə bu ilin axırına kimi 1 milyon tondan çox Qazaxıstan nefti nəql ediləcək

Bu ilin sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) vasitəsi ilə 1,125 mln. ton Qazaxıstan neftinin nəqli planlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

“Qazaxıstan Baş nazirinin müavini-ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ticari-iqtisadi əməkdaşlığımızın inkişafına dair faydalı müzakirələrimiz oldu. BTC ilə ilin sonuna kimi 1.125 mln. ton Qazaxıstan neftinin nəqli planlaşdırılır”, - paylaşımda qeyd olunur

Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 mln. ton "Tengiz" yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.