Energetik naziri Pərviz Şahbazovun Astana Beynəlxalq Forumu çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Serik Jumanqarin ilə görüşündə Prezident İlham Əliyevin Qazaxıstana səfəri və imzalanmış sənədlərin ikitərəfli münasibətlərin kompleks şəkildə inkişafı və çoxşaxəli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün geniş imkanlar yaratdığı qeyd olunub.
“İki sahil” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsində hazırda müşahidə olunan artım dinamikası ticari-iqtisadi əlaqələrin inkişaf göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı ixrac-idxal potensialından geniş istifadə, nəqliyyat-logistika imkanlarının artırılması, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin birgə investisiya perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqədar imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli enerji təchizatının diversifikasiyasını təmin edir.
Görüşdə əməkdaşlıq prioritetləri üzrə qarşılıqlı fəaliyyətdən irəli gələn məsələlərin birgə dəyərləndirilməsi və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində bu ilin sentyabr-oktyabr aylarında onlayn formatda görüşün keçirilməsi razılaşdırılıb.