10 iyun 2023 00:13
552

İnvestisiyaların 48 faizindən çoxu regionların payına düşüb

Bu ilin birinci rübündə Azərbaycanın regionlarında əsas kapitala investisiya qoyuluşu 1,7 milyard manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib.Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz çoxdur.

Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 523,1 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilib.  Bu, o deməkdir ki, birinci rübdə əsas kapitala qoyulmuş sərmayələrin azqala yarısı - 48,25 faizi regionların payına düşüb.

Milli Məclisin bu günlərdə keçirilmiş plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, 2023-cü ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri üçün nəzərdə tutulmuş 3 milyard manat vəsaitin təxminən 60 faizi (1,8 milyard manatı) artıq istifadə olunub. Görünən odur ki, bu amil regionlar üzrə sərmayə qoyuluşunda öz əksini tapıb. Təsadüfi deyil ki, hesabat dövründə ölkə üzrə ümumi sərmayə qoyuluşunun 52,8 faizi dövlət sektoruna aid olub. Ümumi sərmayə qoyuluşunun 71,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 73,2 faizini təşkil edib.

Dövlət büdcəsinə ediləcək dəyişiklik çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin 2 milyard 260 milyon manat və yaxud 75,3 faiz artırılması təklif olunur. Artımdan sonra bu xərclər 5 milyard 260 milyon manat olacaq. Bu da onu deməyə əsas verir ki, cari ildə əsas kapitala investisiya qoyuluşu regionların hesabına artacaq. İnvestisiya qoyuluşunda regionların faiz nisbəti yüksələcək.

Son məlumata görə, (2023-cü ilin yanvar-aprel aylarında) əsas kapitala 4 milyard 580 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artıb. İstifadə olunmuş vəsaitin 57,2 faizi məhsul istehsalı sahələrinə, 37,2 faizi xidmət sahələrinə, 5,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 344 milyon manatını və ya 73 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 252 milyon manatı və ya 71 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Ceyhun Piriyev, “İki sahil”