5 il öncə işə düşən bu tarixi enerji layihəsi ölkəmizə 100 milyard dollardan çox gəlir gətirəcək
Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə vəsaiti və ölkəmizə investisiya qoyuluşu yox dərəcəsində idi. Bu gün isə ölkəmiz dünyanın ən nəhəng neft-qaz layihələrində iştirak edir. Daha doğrusu, dünya neft siyasətində mühüm bir oyunçuya çevrilib.
Bu uğurlarda Cənub Qaz Dəhlizinin əsas komponentləri olan “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin edən Trans-Adriatik Boru Kəməri (TAP) layihələri mühüm rol oynayırlar.
2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində təntənəli açılış mərasimi keçirilən TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini təmin edir. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək, Yunanıstan sərhədinə qədər uzanır. TANAP layihəsi təbii qazın “Şahdəniz-2”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Azərbaycan qazının Türkiyəyə nəqlini həyata keçirən TANAP və Avropaya nəqli üçün inşa olunan TAP boruları Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayının sahilində qaynaqlanmaqla birləşdirilib. TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır, boru kəmərinin ümumi uzunluğu 1850 km-dir. Ümumilikdə xəttin əsas üstünlüyü ondan ibarətdir ki, Xəzər dənizindən hasil olunan qaz birbaşa olaraq Avropa İttifaqının sərhədlərinə çatdırılır. Bu isə Azərbaycan qazının Avropa istehlakçılarına birbaşa tədarükü ilə bağlı uzun illərdir davam edən iqtisadi və siyasi səylərin artıq reallaşmasıdır. TANAP layihəsinin həyata keçirilməsi birbaşa Prezident İlham Əliyevin siyasi nüfuzu, dövlətimizin iqtisadi dəstəyi və Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
TANAP istismara başlanan gündən 2023-cü ilin iyununadək bu kəmərlə 46,08 milyard kubmetr həcmində Azərbaycan təbii qazı nəql edilib. Tədarük edilən təbii qazın 21,93 milyard kubmetri Türkiyəyə, 24,15 milyard kubmetri isə Avropaya nəql edilib. Avropaya tədarük edilən təbii qazın 2,42 milyard kubmetri əlavə qaz tədarükü üçün verilib. Hazırda TANAP-ın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Boru kəmərinin mühəndislik çalışmaları davam etdirilir. Qaz alıcı, satıcı şirkətləri arasında alqı-satqı müqavilələrinin imzalanması gözlənilir. Bundan sonra qaz-tranzit anlaşmaları yenilənəcək. Boru kəmərinin genişləndirilməsi üzrə investisiya qərarları verildikdən sonra yatırımların başlanılmasına start veriləcək.
Qarşıdakı 3-4 il ərzində TANAP üzərindən Avropaya qaz ixracatı 2 dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacaq. Daha sonra isə 31 milyard kubmetr qazın ixracı nəzərdə tutulur ki, bunun da bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropa İttifaqı ölkələrinə veriləcək. Bu, dünyada ən böyük layihədir. TANAP-ın həcminin artırılması həm Türkiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək. Hazırda bununla bağlı fəaliyyətlər davam edir. Qarşıdakı dövrdə Azərbaycan öz ərazisindəki, xüsusilə də Xəzər sahilindəki külək enerjisi potensialını dəyərləndirmək istiqamətində ciddi investisiyalar planlaşdırıb. Burada istehsal ediləcək bərpa edilən enerjinin Türkiyə üzərindən Avropaya tranziti də müzakirə etdiyimiz mövzular sırasındadır.
Cənub Qaz Dəhlizinin layihəsinin ümumi dəyəri 38 milyard ABŞ dolları təşkil edir. Bu layihənin reallaşması üçün Azərbaycanın kifayət qədər qaz ehtiyatları var. “Şahdəniz – 2”nin təsdiq olunmuş qaz ehtiyatları 1,4 trilyon kubmetr, Azərbaycanın isə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2,5 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatları 4,5 trilyon kubmetrdir. Bu da uzun müddət, yəni ən azı 100 il müddətində Azərbaycan qazının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropa bazarlarına ixrac olunmasına əsas yaradır. Təxmini hesablamalara görə, ölkəmizin əldə edəcəyi gəlirin 100 milyard dollardan çox olacağı gözlənilir. Ancaq bununla yanaşı, tranzit ölkələrin də əldə edəcəyi kifayət qədər gəlir var. Məsələn, hesablamara görə, Yunanıstanın növbəti 50 il ərzində Azərbaycan qazının tranzitindən əldə edəcəyi gəlir 35 milyard avro həcmindədir.
TANAP Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin edə biləcək və reallaşan yeganə layihədir. Layihə regionda təhlükəsizliyin qarantı, zəmanəti və regiona yeni investisiyaların gəlməsi üçün əməkdaşlıq formatıdır.
Cavid Əkbərov, “İki sahil”