Heydər Əliyev Fondu ilə Çinin Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində Xəzər rayonundan olan Vətən müharibəsi şəhidləri övladlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min qəhrəman şəhidlərimizin övladları ilə görüşüb.
Eləcə də Heydər Əliyev Fondu ilə Çinin Azərbaycandakı səfirliyinin hədiyyəsi olan noutbuklar uşaqlara təqdim edilib.
Daha sonra şəhid övladları Heydər Əliyev Mərkəzinin binası, buradakı Heydər Əliyev Muzeyi, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən eksponatlar, “Azərbaycan inciləri”, “Mini Azərbaycan” sərgiləri ilə tanış olub.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin övladları ilə Ümummilli Liderin adını daşıyan mərkəzdə görüşməkdən məmnun olduğunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb, Heydər Əliyev Fondunun Çin səfirliyi ilə sıx əməkdaşlıq etdiyini, çoxsaylı birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min müharibələrdən zərər çəkmiş insanlara həssas münasibətin insani dəyərlərin nümunəsi olduğunu qeyd edib. Səfirliyin Heydər Əliyev Fondu ilə əməkdaşlığı çərçivəsində bir sıra sosial layihələr həyata keçirdiyini bildirən səfir bu cür təşəbbüslərə dəstək verməkdən qürur duyduğunu vurğulayıb.