14 iyun 2023 12:03
503

Ağdaşda “Qurtuluş tariximiz” mövzusunda görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Ağdaş Peşə məktəbi ərazi partiya təşkilatında 15  İyun - Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluş tariximiz” mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağdaş Peşə məktəbinin direktoru Elmar Rəşidli 15 İyun - Milli Qutuluş Gününün mahiyyətindən və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb.

Partiya fəallarından Xəyalə Rüstəmova, Zülfiyyə Soltanova və Bahar Bağıyeva çıxış edərək 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olduğunu, inkişafın sarsılmaz təməllərinin qoyulduğunu qeyd ediblər.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov öz çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərində səriştəsiz və naşı rəhbərlər, xüsusilə də AXC-Müsavat hakimiyyətinin xəyanətkarlığı nəticəsində ağır problemlərlə üzləşməsindən, xalqın nicat yolunu dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməkdə görməsindən, eləcə də ölkəmizin Qurtuluşdan Zəfərə qədər keçdiyi tarixdən geniş bəhs edərək bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malikdir və tariximizə qızıl hərflərlə yazılmışdır.